08/12/2011
Dekabrın 7-də "Hilton Bakı" mehmanxanasının "Ametist" zalında Azərbaycanın aparıcı banklarından birinin - PAŞA Bankın işində SafeWatch Filtering proqram təminatının tətbiqinin təqdimatı keçirilib.
SafeWatch Filtering - bank və digər maliyyə təşkilatları üçün müasir tədbirlər kompleksi olub, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin qanuniləşdirilməsinin və terrorizmin maliyyələşdirilməsinin əleyhinə yönəlmiş (Anti Money Laundering) beynəlxalq və milli qanunvericilik normalarına əməl edilməsinə imkan yaradır.
Bu proqramın müxtəlif modulları FATF/GAFI, EU, UN, OFAC, və s. kimi beynəlxalq "qara siyahılarda" saxlanan qeydlərlə üst-üstə düşən məlumatların daxil olduğu verilənlərin, əməliyyatların və faylların onlayn rejimdə filtrlənməsini aparır. Aparılmış təhlillərin nəticələri hesabat formasında təqdim edilir.
Bu proqram təminatı Raiffeisen Bank, Bank of China, HypoVereinsbank, Nordea Group, ING Bank, ABN Amro Bank N.V., Credit Lyonnais Bank, Fortis Bank və s. kimi dünyanın ən iri maliyyə təşkilatları və bankları tərəfindən istifadə edilir. MDB ölkələrinin ərazisində indiyə qədər bu proqram ancaq Rusiya, Ukrayna, Gürcüstan və Qazaxstanın aparıcı bankları tərəfindən istifadə olunub.
Beləliklə, 2011-ci ilin sonundan etibarən bank sektorunda SafeWatch Filtering proqramından istifadə edən dünya ölkələrinin sırasına PAŞA Bankın təmsil etdiyi Azərbaycan da qoşulmuşdur. Dünya miqyasında beynəlxalq maliyyə təşkilatlarının mütəxəssisləri və reytinq təşkilatları bankların işində bu proqramın tətbiq edilməsinə xüsusi əhəmiyyət verir. Bununla da PAŞA Bank Azərbaycanın bank sektorunun sistem-yaradıcı iştirakçılarından biri kimi öz statusunu möhkəmləndirərək, bu texnoloji vasitədən istifadə edən aparıcı beynəlxalq maliyyə təşkilatları ilə bir sırada durur.
Qeyd edək ki, SafeWatch Filtering proqramını qlobal biznes həllərinin işlənməsində və maliyyə sektoruna xidmətlərin göstərilməsində ixtisaslaşan dünya liderlərindən biri olan EastNets Group şirkəti hazırlamışdır. Bu günədək şirkətin müştərilərinin siyahısına dünyanın 120 ölkəsində mindən çox maliyyə təşkilatı daxildir. EastNets Group şirkəti SWIFT (ümumdünya banklararası maliyyə telekommunikasiyası cəmiyyəti) ilə yaxından əməkdaşlıq edərək məhsulların, həllərin və texnoloji platformaların hazırlanmasında iştirak edir.