Rəqəmsal mühitdə dələduzluq növləri
Dələduzların əsas məqsədi, sizə aid məxfi məlumatları əldə etməkdir. Həmin məlumatları aldıqdan sonra, onlar bank hesablarınız üzərindən əməliyyatların aparılmasına cəhd göstərir və, təəssüf ki, bir çox hallarda müvəffəq olurlar.
1. Sizə naməlum nömrədən zəng edərək fırıldaqçı özünü “bankın təhlükəsizlik işçisi” kimi təqdim edə bilər. Məxfi məlumatları əldə etmək məqsədilə "bank tərəfindən şübhəli bir əməliyyatın aşkarlandığını" və ya "sistemdə çətinliklərin olduğunu" bildirə bilər. Fırıldaqçı "pullarınızı itirməmək" bəhanəsi ilə sizdən kartın tam nömrəsini (kartın üzərindəki 16 rəqəmi), CVV və ya CVC kodunu, SMS-lə daxil olan OTP kodu və ya "Onlayn bank"a giriş şifrinizi soruşa bilər.
Yadda saxlayın! Zəng edən şəxsin göstərişi ilə heç bir şəxsi məlumatı paylaşmayın. Bank işçisi kartı qorumaq üçün bütün əməliyyatları özü edə bilir, bunun üçün sizə zəng edib məlumatları almağa ehtiyacı qalmır.
2. Fırıldaqçılar zəng edərək və ya SMS göndərərək hesabınıza səhvən pul köçürdüklərini bildirə və həmin məbləğin geri qaytarılmasını istəyə bilər. Siz pulu köçürdükdən sonra onları geri qaytarmaq mümkün olmayacaq.
Yadda saxlayın! Zəng edən şəxsin göstərişi ilə dərhal heç bir əməliyyat etməyin. Vəsaitin həqiqətən hesabınıza daxil olduğundan əmin olmaq üçün ilk öncə kartınızın balansını yoxlayın. Əlavə məlumat almaq üçün banka zəng edə bilərsiniz.
3. Fırıldaqçılar sizə zəng edərək, SMS göndərərək və ya sosial media səhifələrindən mesaj yazaraq lotereyada qalib olduğunuzu və ya hədiyyə qazandığınızı bildirə bilər. Onlar "hədiyyə məbləğini hesaba köçürmək" bəhanəsi ilə məxfi məlumatları əldə etməyə çalışacaq.
Yadda saxlayın! Hesabınza dair məlumatların bankda mövcudluğu səbəbinən onların sizdən bank işçisi tərəfindən bir daha sorğulanmasına ehtiyac yoxdur. Zəng edən şəxsin göstərişi ilə əməliyyat etmədən banka zəng edib məlumatın doğru olub-olmadığını dəqiqləşdirin.
4. Fırıldaqçılar sizə imeyl və ya SMS göndərərək lotereyada iştirak etməyi təklif edə bilər. Keçid edəcəyiniz veb-sayt saxta olacaq. Həmin saytda şəxsi məlumatlarınızın doldurulması istəniləcək. Həmçinin lotereyada iştirak üçün müəyyən məbləğdə ödənişin edilməsi də istənilə bilər.
Yadda saxlayın! Bank bütün kampaniyalar və lotereyalar haqqında rəsmi mənbələrdə öncədən məlumat təqdim edir. Sizdən istənilən məlumatları daxil etmədən əvvəl banka zəng edib həqiqətən də lotereyanın keçirildiyini dəqiqləşdirin.
Şəxsi məlumatların qorunması
1. Kartın üzərindəki 16 rəqəm
2. PİN kod
3. CVV/CVC (kartın arxasında 3 rəqəmli şifr)
4. OTP (SMS vasitəsilə göndərilən birdəfəlik təhlükəsizlik kodu)
5. "PAŞA Bank" mobil tətbiqinin istifadəçi şifri
6. "Onlayn bank" və ya "İnternet bank" hesabının istifadəçi şifri, o cümlədən ASAN İmza məlumatları
1. Məxfi məlumatları digər şəxslərlə, hətta yaxınlarla və bank işçiləri ilə paylaşmamaq. Məxfi məlumat dedikdə nəzərdə tutulur:
• Kartın üzərindəki 16 rəqəm,
• Kartın PİN kodu,
• CVV (CVC) eyniləşdirmə şifri (kartın arxa tərəfində qeyd olunan 3 rəqəm),
• SMS vasitəsilə daxil olan Birdəfəlik Təhlükəsizlik Kodu (OTP),
• "PAŞA Bank" mobil tətbiqinin istifadəçi şifri,
• "Onlayn bank" və ya "İnternet bank" hesablarına giriş üçün şifrlər, o cümlədən ASAN İmza məlumatları
2. Şübhəli linklərə keçid etməmək (fırıldaqçılar sizi saxta sayta yönləndirə və kart məlumatlarınızı oğurlaya bilər)
3. Bankın rəsmi saytından istifadə etmək və "Google Play", "App Store" və "Microsoft Store"dan yalnız rəsmi bank tətbiqlərini yükləmək
4. Brauzerdə saxta saytların bloklanmasını sazlamaq və internetdə alış-veriş üçün pul ödəyərkən veb-saytların ünvanını yoxlamaq (domen rəsmi sayt adı ilə tam uyğun gəlmirsə, məlumatları daxil etmək təhlükəlidir)
5. Təhlükəsiz bir internet bağlantısını seçmək (təhlükəsiz saytların ünvanları "http" ilə deyil, "https" ilə başlayır)
6. İnternetdə reklamlar vasitəsilə yayımlanan saxta uduş kampaniyaları, mərc oyunları və s. bildirişlərə qarşı diqqətli olmaq, pul vəsaitlərinin itkisinin qarşısını almaq üçün həmin saytlarda kart məlumatlarını daxil etməmək.
7. "Onlayn bank" xidmətindən ictimai WI-FI şəbəkəsində (misal olaraq kafelərdə, parklarda, ictimai nəqliyyatda və s.) istifadə etməmək, həmçinin digər şəxslərə aid kompüter və ya mobil cihazlardan bank hesablarına daxil olmamaq
8. Kart, depozit və hesablar üzrə əməliyyatlar haqqında anında məlumat almaq üçün SMS-bildirişlər aktiv etmək, həmçinin hesablara nəzarət etmək üçün mütəmadi çıxarışlar əldə etmək
Yadda saxlayın!
1. Sizinlə naməlum nömrə və ya digər vasitələrlə əlaqə saxlayaraq hər hansı məxfi məlumatınızı öyrənmək istəyən şəxslərlə həmin məlumatları qətiyyən bölüşməyin.
2. Bank, şəxsi məlumatlarınızı daxil etmək üçün heç bir forma/link göndərmir.
3. Bank, şəxsi məlumatların təsdiqlənməsi, yenilənməsi və ya təqdim edilməsi tələbi ilə SMS və ya imeyl göndərmir.
4. Bank işçiləri heç vaxt müştərilərdən məxfi məlumatları (kartın tam nömrəsi, PİN, SMS və CVV/CVC kodları və s.) istəmir və kartlarla əməliyyatların edilməsini tələb etmir.
5. Bank işçisi müştərilərdən yalnız müştəri eyniləşdirməsi üçün lazımlı olan məlumatları istəyə bilər: müştərinin bank identifikasiya kodu (CİF), kartın ilk və ya son 4 rəqəmi, sistemdə qeydiyyatda olan əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin FİN kodu və s.
6. Bəzi hallarda, misal üçün bank dələduzluqdan şübhələndiyində, müştərilərə zəng edilə bilər. Lakin bu, yalnız əməliyyatın məhz müştəri tərəfindən həyata keçirildiyini təsdiqləmək üçün edilir və bu halda müştəridən hansısa rəqəmlərin və ya kodların təqdim edilməsi istənilmir.
7. Kartınızda SMS-bildiriş xidməti, 3D Təhlükəsizlik xidməti və ya mobil tətbiq aktivdirsə, və siz həyata keçirmədiyiniz və yə məlumatınız olmayan hər hansı əməliyyat cəhdləri barədə bildirişlər alırsınızsa, "PAŞA Bank" mobil tətbiqi vasitəsilə dərhal kartı blok edin və Banka bu barədə məlumat verin.
Hər hansı şübhəli hallarla rastlaşdığınız zaman "PAŞA Bank"ın etibarlı əlaqə kanalları vasitəsilə (Çağrı mərkəzi, rəsmi sosial şəbəkə səhifələri, imeyl) əlaqə saxlayaraq yaşanmış hadisə barədə məlumat verməyiniz xahiş edilir.
Şəxsi məlumatlarınızı qoruyuruq
"PAŞA Bank" məxfiliyin qorunması və məlumatların təhlükəsizliyi məsələlərinə çox ciddi yanaşır. Müştərilərimizin şəxsi məlumatlarının qorunması əsas prioritetimizdən biridir.
Bank tərəfindən hazırlanan "Məxfilik Siyasəti" müştərilərə aid şəxsi məlumatların nəyin əsasında və hansı məqsədlə topladığını və emal etdiyini izah edir.
Şübhəli halları bizə bildirin!
Şübhəli hallarla rastlaşdığınız zaman kartın üzərindəki nömrələr vasitəsilə dərhal Bankla əlaqə saxlayaraq yaşanmış hadisə barədə məlumat verin.
Həmçinin bizimlə "PAŞA Bank"ın rəsmi feysbuk və instaqram səhifələri üzərindən əlaqə saxlaya bilərsiniz.