11/09/2023

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, əmək bazarında daha çox tələbat duyulan müasir istiqamətlər üzrə gənclərin məlumatlılığını artırmağa yönələn təşəbbüsləri davam etdirir.

Belə ki, Bankın tərəfdaşlığı və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə “Məhsul sahibi marafonu” keçirilir. İştirakçılar bu marafona qatılmaqla məhsulun hazırlanma prosesi ilə tanış ola, məhsul sahibi üçün zəruri sayılan bilik və bacarıqlara yiyələnə biləcəklər. “PAŞA Bank”ın peşəkar məhsul sahibləri marafona təlimçi qismində qatılacaqlar. Onlar iştirakçılarla öz zəngin təcrübələrini bölüşəcək və praktiki tövsiyələrini paylaşacaqlar.

Marafon oktyabr ayının 10-dan başlayaraq 4 həftə boyunca davam edəcək. Yarış formatında keçiriləcək marafonda iştirakçılar məhsul sahibi adının qazanmaq üçün qüvvələrini sınayacaqlar.

Şərtlərə əsasən ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurs tələbələrindən komanda şəklində marafona qatılaraq startap ideyası üzərində çalışmaq, “MVP” (minimal həyat qabiliyyətli məhsul) təqdim etmək tələb olunacaq. İlk mərhələni uğurla tamamlayan komandalar isə növbəti mərhələdə birincilik uğrunda mübarizə aparacaqlar. Marafonda birinci yerə layiq görülən komandaya 2500 AZN dəyərində mükafat təqdim olunacaq.

“Məhsul sahibi marafonu”na qeydiyyat üçün son tarix oktyabr ayının 5-dir.

Xatırladaq ki, gənclərin peşəkar inkişafını diqqət mərkəzində saxlayan “PAŞA Bank”, analoji tədbirlər keçirərək həm yerli, həm də ən yaxşı beynəlxalq təcrübələri daha da əlçatan edir. Bank, istedadlı kadrların üzə çıxarılması və onların səlahiyyətləndirilməsi ilə ölkəmizin dayanıqlı inkişafına öz töhfəsini verməyi hədəfləyir.

“Məhsul sahibi marafonu”na dair ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olmaq lazımdır:

http://pomarafon.az/