13/07/2023

18 iyul 2023-cü il tarixindən etibarən “PAŞA Bank” ASC-nin idarə heyəti yeni tərkibdə formalaşdırılacaq. Belə ki, Bankın səhmdarlarının ümumi yığıncağında alınan qərara əsasən, Pərvin Əhədzadə "PAŞA Bank" ASC-nin idarə heyətinin üzvü və baş risk inzibatçısı vəzifəsinə təyin olunacaq. O, bu vəzifədə Xəyalə Nağıyevanı əvəz edəcək.

Pərvin Əhədzadə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistr dərəcələrini bitirdikdən sonra Oksford Universitetinin “Said” Biznes Məktəbində Biznesin idarə olunması üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. P. Əhədzadə peşəkar fəaliyyətinə 2003-cü ildə “ATA Bank” ASC-də başlamış, daha sonra karyerasını 9 il ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirmişdir. O, 2015-ci ildə “PAŞA Holding”ə müşavir olaraq qoşulmuşdur. Bundan əlavə P.Əhədzadə 2015-ci ildən “Kapital Bank” ASC -də, 2016-cı ildən isə "PAŞA Bank” ASC -də audit komitəsinin sədri olmuşdur. O, həmçinin 2020-ci ildən "PAŞA Holding"in Qrup üzrə audit departamentinin rəhbəri vəzifəsini icra etmişdir.

Qeyd edək ki, Xəyalə Nağıyevanın 20 illik peşəkar təcrübəsinin 14 ilini “PAŞA Holding” və “PAŞA Bank”dakı təcrübəsi təşkil edir. O, “PAŞA Bank”dakı fəaliyyətinə ilk olaraq baş maliyyə inzibatçısı kimi başlamış, daha sonra baş risk inzibatçısı kimi davam etmişdir. Bu illər ərzində X. Nağıyevanın “PAŞA Bank”ın ümumi inkişafında,  o cümlədən srateji idarəetməsində, yerli korporativ risk strategiyasının əsasının qurulmasında, xüsusən də “PAŞA Bank” ASC-nin risk funksiyasının formalaşmasında və Bank daxilində risk peşəkarlarının yetişdirilməsində böyük rolu olmuşdur.