01/03/2022

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, gənclərin peşəkar inkişafına öz töhfəsini verməyə davam edir.

Belə ki, “PAŞA Bank”, mart ayının 1-dən etibarən müştərilərin fərdi tələblərinə yönəlmiş müasir rəqəmsal bank məhsullarının işlənib hazırlanması, onların yerli bazara çıxarılması üçün yeni layihə olan “Məhsul Sahibi məktəbi”nin fəaliyyətinə start verib.

Xüsusi və çoxkomponentli təlim proqramında yaradılan məhsulun bazardakı strateji mövqeyini dəyərləndirməyin, onun rəqabətədavamlılığını, üstünlüklərini və çatışmaz tərəflərini analiz etməyin, yekun layihəni formalaşdırmağın yolları və bir sıra digər mühüm məqamlar tədris olunacaq. Təlimləri aparan “PAŞA Bank”ın peşəkar məhsul sahibləri və xarici maliyyə institutlarından dəvət olunan ekspertlər iştirakçılarla təcrübələrini bölüşəcək və öz peşələrinə dair maraqlı məlumatları paylaşacaq.

“PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov “Məhsul Sahibi məktəbi”ndən danışarkən Bankın gənclərə potensiallarını kəşf etməyə kömək edəcək bir sıra mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb. 

““PAŞA Bank”, peşəkar inkişafın tərəfdarı kimi müxtəlif istiqamətdə təlimlər, proqramlar, məlumat sessiyaları və müsabiqələr, o cümlədən, “Rəqəmsal Zirvələr” konfransı, “PASHA Bank Cup” yarışması, “Müştəri Meceneri məktəbi”, “Peşəkar Yetişdirmə Proqramı” və s. kimi mühüm layihələr keçirib. Bununla da gənclərə yeni biliklər əldə etməkdə, mövcud bilik və bacarıqlarını möhkəmləndirməkdə yardımçı olub. “Məhsul Sahibi məktəbi” də bu layihələrdəndir. Əminəm ki, bu proqram iştirakçılar üçün əvəzsiz təcrübəyə çevriləcək, onların peşəkar inkişafı üçün daha dərin biliklərə yiyələnməsinə şərait yaradacaq”, - deyə V. Xəlilov bildirib.