21/02/2022

Ölkənin aparıcı korporativ bankı və real sektorun aparıcı qüvvəsi “PAŞA Bank”, Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə pandemiyadan zərər çəkmiş sahibkarlara ən çox kredit təqdim etmiş müvəkkil kredit təşkilatı kimi fərqləndirildi.

Belə ki, SİF-in yerli banklar arasında dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində verilmiş kredit məbləğinin həcminə görə apardığı bölgüyə 134,3 milyon manata bərabər kredit portfeli ilə “PAŞA Bank” liderlik etdi. 

“PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Cavid Quliyevin sözlərinə görə, bu nailiyyət bizneslərin etibarlı maliyyə tərəfdaşı kimi Bankın mövqeyini bir daha təsdiqlədi. Bank, pandemiyanın mənfi təsirini minimuma endirmək məqsədi ilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən təşəbbüslərə aktiv şəkildə qoşuldu. Bununla da Bank, sahibkarlar üçün maliyyə resurslarına çıxışın genişləndirilməsi üçün çalışdı.

“Biz, daima real sektorun dərin təhlillərini aparan maliyyə institutu kimi pandemiyadan daha çox zərər çəkmiş sahələrin KOS-lar olduğunu, SİF xətti ilə subsidiya mexanizmi çərçivəsində ayrılan vəsaitlərin onlara bazarda öz mövqelərini qoruyub saxlamaqda böyük əhəmiyyət kəsb etdiyini gözəl anlayırdıq. Odur ki, zəngin təcrübəmizə əsaslanaraq bu maliyyə resurslarını KOS-lar üçün daha da əlçatan etmək məqsədilə sahibkarların müraciətlərinə çevik şəkildə baxılması, tələb olunan sənədlərin minimuma endirilməsi və onların onlayn qəbul edilməsi, qərar vermə prosesinin optimallaşdırılması yönündə lazımi tədbirlər gördük. Bununla da, sahibkarların vaxt sərfiyyatını minimuma endirməyə nail olduq. Bu sahədə liderliyi əldə etməyimizi müştərilərimizin ehtiyaclarını qarşılamağa yönəlmiş biznes yanaşmamızın növbəti uğuru kimi qəbul edirik. Bazar biliklərimizə və təcrübəmizə əsaslanaraq, bundan sonra da dövlət tərəfindən həyata keçirilən təşəbbüslərə qoşulmağa və real sektora öz dəstəyimizi göstərməyə hazırıq”, - deyə, C. Quliyev vurğuladı.    

Qeyd edək ki, “PAŞA Bank”, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə subsidiya mexanizmi çərçivəsində ayrılan vəsaitlərin verilməsi ilə yanaşı, özünün qabaqlayıcı kompleks tədbirlərini də həyata keçirdi. Belə ki, “PAŞA Bank”, pandemiyanın səbəb olduğu çağırışların öhdəsindən gəlmək və müştərilərə dəstək olmaq üçün əsas bank məhsulları və xidmətlərinin tariflərinin təkrar nəzərdən keçirilməsi və azaldılması, gecikdirilmiş borclara görə cərimələrin ləğv olunması, müştərilərin kredit borclarının restrukturizasiyası paketinin tətbiq edilməsi kimi bir sıra mühüm təşəbbüslərlə çıxış etdi. Eyni zamanda, Bank, müştərilərə və tərəfdaşlara maliyyə resurslarının düzgün bölüşdürülməsi, debitor borclarının idarə edilməsi, həm banklar, həm də biznes tərəfdaşları qarşısında öhdəliklərin restrukturizasiyası kimi suallarda öz ekspert dəstəyini göstərdi.