Dekabrın 6-da ABŞ ali məktəblərinin azərbaycanlı məzunları Assosiasiyasının (US-Educated Azerbaijani Alumni Association) hər il keçirdiyi ən yaxşı biznes-keys müsabiqəsi başa çatıb. Ölkənin aparıcı ali məktəblərinin komandalarının iştirak etdiyi tələbələr arasında müsabiqənin baş sponsoru Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank olub.
Müsabiqə çərçivəsində tələbələr ali məktəblərdə təhsil prosesində əldə etdikləri bilikləri onların qarşısına qoyulan real biznes-problemlərin həllində tətbiq edir. 2002-ci ildən etibarən keçirilən yarış istedadlı gənclərə öz potensialını reallaşdırmaq, analitik qabiliyyətlərini inkişaf etdirmək və praktiki vərdişlər əldə etmək imkanı verir.
PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin Direktoru Sona Abbasovanın sözlərinə görə, Bank Korporativ sosial məsuliyyət proqramı çərçivəsində yerli ali məktəblərin istedadlı və fəal tələbələrinin həvəsləndirilməsinə yönəldilən proqramların həyata keçirilməsinə xüsusi diqqət yetirir.
S.Abbasova sonda bildirmişdir ki: "PAŞA Bank tələbələr üçün aylıq təqaüdləri nəzərdə tutan çoxlu sayda layihələri həyata keçirir, Bankda peşəkar təcrübə keçmə üçün şərait yaradılıb, Böyük Britaniyanın aparıcı ali məktəblərində təhsil almaq imkanı verilib. Biz əminik ki, gələcəkdə bu gənc insanlar təkcə seçdikləri sahədə yüksək peşəkarlığa malik mütəxəssis olmayacaq, onlar həm də Azərbaycanın gələcək uğurlu sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevriləcək".