Hörmətli xanım,

Hörmətli cənab,

Bu məktub vasitəsi ilə Sizi Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA - Foreign Account Tax Compliance Act) və Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard - CRS) ilə əlaqədar imzalanmış Sazişlərin (“Saziş”) PAŞA Bank ASC ilə (“Bank”) Sizin aranızdakı münasibətlərə mümkün təsiri barədə məlumatlandırmaq istərdik.

FATCA

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş 9 sentyabr 2015-ci il tarixində imzalanmış və Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.

FATCA-nın əsas məqsədi Amerika Birləşmiş Ştatları vergi ödəyicilərinin müəyyən edilməsi olmaqla maliyyə institutlarından müştərilərin sənədləşdirilməsi və hesabatlılığı ilə bağlı yeni prosedurlara əməl etməsini tələb edir. Yeni prosedurların tətbiqi nəticəsində ABŞ fiziki və hüquqi şəxsləri ilə əlaqədar toplanmış məlumatlar illik əsasda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə Amerika Birləşmiş Ştatları vergi orqanlarına (“IRS”) təqdim edilir ki, bunun əsasında IRS hesabatda göstərilən şəxslərin Amerika Birləşmiş Ştatları vergi qanunvericiliyinə əsasən vergi öhdəliklərinin düzgün icra etməsini yoxlayır. FATCA-nın əsas məqsədi ABŞ-da vergidən yayınma ilə mübarizə olmasına baxmayaraq, yeni qaydalar potensial olaraq aşağıdakılara təsir edə bilər:
• ABŞ investisiyaları da daxil olmaqla maliyyə aktivlərinin əksəriyyətinə qoyulan investisiyalar;
• Vətəndaşlığından asılı olmayaraq ABŞ Şəxsləri kimi tövsüf olunan investorlar (məsələn: ABŞ-da doğulan şəxslər, "green card" sahibləri, müvafiq dövr ərzində ABŞ-da müəyyən müddət keçirən şəxslər).

Sazişə əsasən mövcud hesab sahiblərinin, habelə yeni müştərilərin FATCA üzrə statusu aydınlaşdırılmalı, yəni onların ABŞ şəxsi olub-olmaması yoxlanmalıdır. Qeyd olunan status müştəri tərəfindən müvafiq sorğu anket formasının, habelə W-8BEN, W-8BEN-E, və ya W9 formalarının doldurulması yolu ilə həyata keçirilir. Diqqətinizə çatdırmaq istəyirik ki, W-8BEN, W-8BEN-E və W9 formaları Amerika Birləşmiş Ştatlarının səlahiyyətli dövlət orqanları tərəfindən hazırlanmışdır və Azərbaycan Respublikasında tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti göstərişinə əsasən həyata keçirilir.

FATCA ilə bağlı daha ətraflı məlumatı İRS-in internet səhifəsindən (www.irs.gov/FATCA) və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəsmi veb səhifəsinin FATCA bölməsindən (https://www.taxes.gov.az/az/page/crs--fatca) eldə edə bilərsiniz. Əlavə olaraq, Sizin Bankda olan məsləhətçiniz də bu məsələ ilə bağlı hər hansı bir sualınız yarandığı halda onları cavablamağa hazırdır.

CRS

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin 18-ci hissəsində ölkənin hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 2834 nömrəli Sərəncamına əsasən 2017-ci ilin 1 iyun tarixində Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşmaya qoşulmaq barədə Bəyanat imzalanmışdır. Bəyanata əsasən 2017-ci ilin 1 iyul tarixindən Ümumi Hesabatlılıq Standartının tətbiqinə başlanılmışdır.

Ümumi Hesabatlılıq Standartı dedikdə vergi məqsədləri üçün maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsinə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul olunmuş Standart və onun Şərhləri nəzərdə tutulur. Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verən maliyyə institutu hərtərəfli yoxlama prosedurlarını həyata keçirməklə hesabların hesabatı verilməli şəxslərə məxsus olub-olmamasını dəqiqləşdirir. Bu məqsədlə maliyyə institutunda hesab açmaq üçün müraciət etmiş hər bir şəxs özünüqiymətləndirmə sənədi yəni fiziki və hüquqi şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi məqsədilə təqdim edilən sənəd dolduracaqdır.

Standarta əsasən, təyin edilmiş səlahiyyətli orqan tərəfindən “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma” imzalanmaqla, avtomatik məlumat mübadiləsinin aparılması, yəni vergi ili bitdikdən sonra digər dövlətlərin vergi rezidenti olan fiziki və hüquqi şəxslərinin hesabları və əməliyyatları haqqında məlumatların ümumiləşdirilərək həmin dövlətlərə göndərilməsi nəzərdə tutulur.

(yenilənmə tarixi 31.03.2024)