21/11/2011
PAŞA Bankın dəstəyi ilə «The Economist» sammiti keçirilmişdir
17 noyabr 2011-ci il tarixində Tbilisidə "The Economist" beynəlxalq iqtisadi jurnalının himayəsi ilə Gürcüstanın perspektiv investisiya imkanlarının təhlilinə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbirdə təxminən 150 nümayəndə iştirak etmişdir. Onların arasında Gürcüstanın baş naziri Nika Qilauri, maliyyə naziri Dmitri Qvindadze, iqtisadiyyat naziri Vera Kobaliya, eləcə də dünyanın nüfuzlu maliyyə təşkilatlarının - Dünya Bankının (DB), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və digər təşkilatların nümayəndələri olmuşdur. Sammitin işində PAŞA Bank da iştitak etmişdir. PAŞA Bank tədbirdə idarə heyətinin sədri Fərid Axundovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Bundan əlavə, PAŞA Bank özünün bir sıra müştərilərinin və Azərbaycanın Gürcüstandakı səfirinin də sammitdə qeydiyyatını və iştirakını təmin etmişdir.
Xarici nümayəndələr qarşısında DB-nın Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aslam, AYİB-in Moldova və Belorus üzrə rəhbəri Pol-Henri Forester, "Knauf Group"un MDB ölkələri üzrə icraçı direktoru Qred Lenqa, "Gürcüstan Bankı"nın baş direktoru İrakli Qilauri və bir çox başqaları çıxış etmişdir. Nümayəndələr bu fikirdə olmuşlar ki, yaxın gələcəkdə Gürcüstan genişmiqyaslı investisiyaların qoyulması üçün əlverişli ölkəyə çevrilə bilər.
"Economist" sammitinin təşkilatçılarının ümumi məqsədi Gürcüstanın bazar iqtisadiyyatı potensialını nümayiş etdirmək, eləcə də bu ölkədə işgüzar fəaliyyət göstərmək və sərmayə qoymaq imkanlarını xarici investorlar üçün maraq doğuran istiqamətdə təqdim etmək olmuşdur. Tədbir çərçivəsində Gürcüstasn hökumətinin nümayəndələri və investorlar bu ölkədə iqtisadi islahatların keçirilməsi, iqtisadiyyatın potensialının artırılması, investisiya mühitinin cəlbediciliyinin yüksəldilməsi ilə və s. ilə əlaqədar ən mühüm və aktual məsələləri müzakirə etmişlər. Sammitin gedişində PAŞA Bankın nümyəndə heyəti yeni işgüzar münasibətlərin qurulmasına təkan verən bir sıra vacib görüşlər və danışıqlar keçirmişdir.
Qeyd edək ki, sammit ərəfəsində tədbirin təşkilatçılarının VIP sponsorlar və tədbirin məruzəçiləri üçün təşkil etdikləri xüsusi işgüzar naharda PAŞA Bankı Fərid Axundov və Anar İsmayılov təmsil etmişlər. "The Economist" sammiti başa çatanda Yaponiya səfirinin Gürcüstandakı iqamətgahında iştirakçıalrın təntənəli qəbulu keçirilmişdir.
Gürcüstanda keçirilmiş konfransa ARDNŞ, PAŞA Bank, JTI, "Ukrayna Hava Yolları" şirkətləri rəsmi sponsorluq etmişdir.