10/05/2011
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 06.05.2011-ci il tarixində Ağcabədi rayonunda yeni süd kombinatının açılışında iştirak etmişdir. Kombinatla tanış olan prezident bu cür müasir kompleksin tikintisini olduqca yüksək qiymətləndirmişdir: "Bu gün Ağcabədi rayonunda yeni süd kombinatının açılışında iştirak edirik. Çox gözəl, böyük süd kompleksidir. Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda yaradılmış müəssisələrin sırasında bu kompleksin öz yeri vardır".
"PAŞA Bank" ASC-nin nümayəndə heyəti də açılışda iştirak etmişdir. Bu layihə bankın maliyyələşdirdiyi ilk investisiya layihələrindən biridir. "Atropatena LTD" QSC-yə məxsus süd emalı zavodu Ağcabədi rayonu ərazisində inşa edlmişdir. Layihə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, süd məhsullarına artan tələbat fonunda əhalinin təbii, yüksək keyfiyyətli, yerli məhsulla təchizatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Biznes-planın maliyyə təhlili yüksək rəqabət dözümlülüyü, istehsal olunacaq məhsulların keyfiyyəti və məhsula tələbatın ildən-ilə artması fonunda yüksək gəlirin əldə olunacağını deməyə imkan verir.
"PAŞA Bank" "Atropatena LTD" QSC üçün ayrılan kreditləşmə limiti çərçivəsində kredit, kredit xətti, akkreditiv və bank qarantiyaları təqdim etmişdir.