13/04/2011
Risklərin İdarə Olunması Sisteminin təkmilləşdirilməsi və biznes proseslərinin optimallaşdırılması məqsədilə Bank, bildiyiniz kimi, Böyük Dördlüyə daxil olan "Ernst & Young Holdings B. V (CIS)" auditor şirkətini cəlb etmişdir. Bankda məsləhətçilər öz işlərinə cari ilin aprel ayından başlayacaqlar.
Risklərin İdarə Olunması Departamentinin direktoru Kəmalə Nuriyeva bu prosesin əhəmiyyəti barədə danışmışdır.

Sual: Kəmalə xanım, risk-menecment (risklərin idarə olunması) və onun bank sistemi üçün əhəmiyyəti barədə qısaca məlumat vermənizi xahiş edirik.
Kəmalə Nuriyeva: Məlum olduğu kimi, risklərin idarə olunması və ya risk-menecment müasir və dayanıqlı bank sisteminin qurulması işində ən vacib amillərdən biridir, çünki risk - bank biznesinin ayrılmaz hissəsidir.
Risklərin idarə olunması bir proses olaraq mümkün risk hallarının müəyyənləşdirilməsindən və qiymətləndirilməsindən, eləcə də risk səviyyəsinin azaldılması üzrə tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir. Düzgün qurulan risklərin idarə olunması sistemi bankın effektiv şəkildə idarə olunmasının təşkilini mümkün edir, bankın məruz qaldığı risklərin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və bankın rəqabətə davamlılığını artırır. Bu sistem risklərin azaldılmasına və bank işinin səmərəliliyinin artırılmasına yönəldilmişdir. Mübahisəsiz qəbul edilən bir fakt da budur ki, yüksək səviyyəli risk-menecment bankın işgüzar nüfuzunun ən vacib amillərindən olmaqla yanaşı, həm də tərəfdaşlarla dayanıqlı münasibətlərin rəhnidir.

Sual: Risklərin idarə olunması sisteminin təkmilləşdirilməsinin Bank üçün əhəmiyyəti nədir?
Kəmalə Nuriyeva: Bu, ilk növbədə, təşkilatın strukturuna risklərin idarə olunması üzrə ən yaxşı təcrübələrin tətbiq edilməsidir. Bundan savayı, bu layihənin həyata keçirilməsi bir çox üstünlüklər təklif edir ki, həmin üstünlüklərin sırasında aşağıda sadalananlar da var:
• Aşkar olunan risklərin idarə olunması üzrə tədbirlər planı
• Risklərin idarə olunmasının qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi
• Biznesin səmərəliliyinin artırılması üçün risklərin idarə olunması üzrə uzlaşdırılmış sistem
• Risklərə nəzarət və risklərin idarə olunmasına cavabdeh olan struktur bölmələrinin qarşılıqlı əlaqələrinin gücləndirilməsi
• Funksiyaların təkrarlamasının aradan qaldırılması.

Sual: Biznes proseslərinin optimallaşdırılması üzrə layihənin qarşısında duran məqsəd nədir?
Kəmalə Nuriyeva: Biznes proseslərinin optimallaşdırılması üzrə layihənin məqsədi bankın elə bir fəaliyyət standartının yaradılmasıdır ki, o, müştərilərlə işin keyfiyyətlə qurulmasına və bütün bölmələrin qarşılıqlı əlaqələrinin effektivliyinin təmin olunmasına yönəldilir.

Sual: Bu layihədə diqqət nəyə yönəldilmişdir?
Kəmalə Nuriyeva: Bizim əsas vəzifəmiz biznes proseslərini müvafiq formaya və qaydaya salmaqdır. İndiki zamanda bu, istənilən kommersiya bankının uğur qazana bilməsi üçün ən əsas amillərdən biridir. Biznes proseslərinin optimallaşdırılması layihəsi iş prosesi ərzində işçilərin yaratdığı müsbət stereotiplərin qorunub saxlanmasına, eləcə də xarici bankların ən yaxşı təcrübələrinin tətbiq edilməsinə yönəldilmişdir.

Sual: "Ernst & Young Holdings (CIS) B. V." şirkəti mütəxəssislərinin gördüyü işin nəticəsi Bankın ümumi məhsuldarlığına necə təsir edəcək?
Kəmalə Nuriyeva: Bankda biznes proseslərin optimallaşdırılması aşağıdakıları mümkün edəcək:
• Biznes prosesin yekun nəticəsinin, eləcə də hər bir prosedurun aralıq hissələrinin keyfiyyətinin artırılması.
• Yığcam, uzlaşdırılmış, eləcə də idarə oluna bilən biznes prosesi modelinin işlənib hazırlanması.
• Prosesin hər bir icraçısının əməllərinin dolğunluğunun təmin olunması.
• Biznes proseslərin səmərəli şəkildə idarə olunması.

Sual: Məsləhətçilərin seçimi nəyə əsaslanır?
Kəmalə Nuriyeva: Bank mövcud risk-menecment sisteminin modernləşdirilməsinə dair qərar qəbul etdikdən sonra Böyük Dördlüyün üzvü olan üç auditor şirkəti arasında tender elan olundu. Biz, daxil olan bütün təklifləri araşdırdıq, işlərin həcminə və tərkibinə düzəlişlər etdik, tenderə qatılan şirkətlərin nümayəndələri ilə görüşlər təşkil etdik. Bütün təkliflərin müfəssəl təhlili bir aya yaxın vaxt apardı. Nəticədə, bizim seçimimizə təsir edən amillər aşağıda sadalananlar oldu:
• Həm Qərbi Avropa, həm də MDB və Azərbaycanda oxşar layihələr üzrə təcrübə,
• Komanda üzvlərinin müvafiq təcrübəsi,
• Layihənin icra müddəti,
• Xüsusi təqdimat materiallarının təklif olunması, eləcə də bu layihəyə səmimi maraq
Qeyd etmək lazımdır ki, bütün tender iştirakçılarının təklifləri qoyulan tələblərə və vəzifələrə cavab verirdi, lakin yuxarıda sadalanan amillərin nəzərə alınması baxımından, qalib gəlmiş şirkətin təklifi bizi daha çox qane etdi.

Tenderin nəticəsinə əsasən, qalib martın əvvəlində müəyyən olundu. Bu, "Ernst & Young Holdings B. V (CIS)" şirkətidir. Hazırda biz müqavilənin imzalanması mərhələsindəyik, aprelin 1-dən isə biz layihənin birinci mərhələsinə başlamağı nəzərdə tuturuq.

Müsahibəyə görə təşəkkür edirik.