13/11/2023

“PAŞA Bank” tərəfindən keçirilən “Məhsul sahibi marafonu” başa çatıb

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” əmək bazarında daha çox tələbat duyulan müasir peşələr üzrə gənclərin maariflənməsini və biliklərini artırmağa yönələn təşəbbüsləri davam etdirir.

Bu təşəbbüslərin bir hissəsi olaraq Bankın tərəfdaşlığı və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə “Məhsul sahibi marafonu” adlı layihə artıq ikinci dəfədir keçirilir.

Bu ilki müsabiqənin şərtlərinə uyğun olaraq 8 ali təhsil müəssisəsindən 3-cü və 4-cü kurs tələbələrindən ibarət 16 komanda marafona qatılaraq, 2 ay ərzində startap ideyası üzərində çalışıblar. Marafonda məhsul sahibi adını qazanmaq uğrunda yarışan iştirakçılar bazarda tələbat olan məhsulun hazırlanma prosesi ilə tanış olub, bu peşə üçün bu günə ən aktual olan bilik və bacarıqlara yiyələniblər. Hər il olduğu kimi, “PAŞA Bank”ın peşəkar məhsul sahibləri layihəyə təlimçi qismində qatılaraq, iştirakçılarla öz zəngin təcrübə və praktiki tövsiyələrini bölüşüblər.

Bu ilki  “Məhsul sahibi marafonu” qalibi “VirtualGems” komandası seçilib. Qalib komandaya 2500 AZN dəyərində mükafat təqdim olunub.

Xatırladaq ki, gənclərin peşəkar inkişafını diqqət mərkəzində saxlayan “PAŞA Bank”, bu cür tədbirlər keçirərək ən yaxşı beynəlxalq təcrübələri daha da əlçatan edir. “PAŞA Bank”, istedadlı kadrların üzə çıxarılması, onların bilik və təcrübələrinin artırılmasına dəstək göstərərək, cəmiyyətin və ölkəmizin dayanıqlı inkişafına öz töhfəsini verməyi hədəfləyir.