04/02/2016

Ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə "Junior Achievement Azərbaycan" (JAA) ictimai birliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı" çərçivəsində Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi Lənkəran və Xaçmaz regionunun iştirakçıları üçün biznes forum təşkil edib.

Görüşün əsas məqsədi layihə iştirakçıları ilə bank nümayəndələrini və sahibkarlarını bir araya gətirərək onları sahibkarlıq fəaliyyəti və bu sahədə maliyyələşmə imkanları haqqında maarifləndirmək olub. PAŞA Bankın "Gənclik" Xidmət Mərkəzinin rəhbəri Vüqar Əliyev layihə iştirakçılarına mövcud və yeni bank məhsulları, xidmətləri və kredit imkanları haqqında məlumat verib. Bununla yanaşı PAŞA Bankın təmsilçisi gənclərə biznes layihələrinin yazılması, imkan və mövcud risklərin qiymətləndirilməsi, biznesin planlaşdırılması, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlərini bildirib.

Qeyd edək ki, PAŞA Bank və JAA tərəfindən gerçəkləşdirilən "Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı"nın əsas məqsədi fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etməkdir.