04/09/2015

Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank - "Biznes Dialoq" biznes-klubunun təşkilati dəstəyi ilə yay "Gənc Sahibkar Məktəbi"nin şagirdləri üçün "Açıq qapı günü" keçirmişdir.
Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli formada "Kredit və depozit nədir?", "Plastik kartlar nə üçün lazımdır?", "Evdən bank əməliyyatları" və s. mövzularda təqdimatlar edilmişdir. PAŞA Bankın əməkdaşları təşkilatda işə qəbul prosesi, fəaliyyətin qiymətləndirilməsi və hər bir əməkdaşın ixtisasının artırılması proseslərinin necə aparıldığı barədə danışmışlar.
Gənc dinləyicilər həmçinin Banka ekskursiya etmişlər. Onlar müvafiq departamentlərin təşkilatının bir neçə il öncədən fəaliyyət strategiyasını necə hazırladığını, müştərilərə xidmət prosesinin necə qurulduğunu, bankın treyderlərinin necə işlədiyini və bir çox başqa məsələləri öyrənmişlər. Tədbirin sonunda "Gənc Sahibkar Məktəbi"nin şagirdlərinə xatirə hədiyyələri təqdim edilmişdir.
Qeyd edək ki, PAŞA Bank "Açıq qapı günü"nü Azərbaycan Mərkəzi Bankının ölkənin kommersiya bankları ilə əməkdaşlıqda reallaşdırdığı "Maliyyə savadlılığı" layihəsi çərçivəsində keçirmişdir.