20/12/2014

PAŞA Bank “British Council” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda biznes jurnalistikasının inkişafı üçün üç illik layihə həyata keçirir. Layihənin məqsədi iqtisadiyyatla bağlı məsələləri əhatə edən yerli kütləvi informasiya vasitələrinin peşəkar bacarıq və imkanlarının inkişafına yönəlmişdir.

Maliyyə xidmətləri göstərən müəssisə kimi, biz şəffaf biznes və ictimaiyyətə açıq olmaq siyasəti yürüdürük. Bununla da, iqtisadi məsələlərlə məşğul olan Azərbaycan jurnalistlərinin ən yüksək bilik səviyyəsinə və öz xarici həmkarları ilə birbaşa təcrübə mübadiləsi aparmaq bacarıqlarına malik olmalarında maraqlıyıq. Layihə xaricdən gələn peşəkar təlimçilərin rəhbərliyi altında keçirilən və jurnalistlər üçün bir sıra xüsusi media kursları əsasında təşkil olunmuş təlim proqramından ibarətdir. Buraya, həmçinin, Azərbaycan jurnalistlərinin Böyük Britaniyanın aparıcı qəzetlərini, TV və digər kütləvi informasiya təşkilatlarını təmsil edən həmkarları ilə görüşlər, həmçinin, təcrübə mübadiləsi çərçivəsində yerli jurnalistlərin Böyük Britaniyaya təhsil turu daxildir.

Proqram Avropanın ən iri media təşkilatlarından biri olan Tomson Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu Fond dünyada minlərlə jurnalistə müxtəlif növ media nümunələri yaratmaq və qorumaq səlahiyyəti verən, 100-dən artıq ölkədə media sahəsində ən yüksək etik və praktik standartların müdafiə edilməsi istiqamətində çalışan bir qurumdur. Layihənin əsas məqsədi iqtisadi məsələlərlə məşğul olan jurnalistlərin aparıcı qrupunu yaratmaqdır. O jurnalistlərin ki, Avropalı həmkarlarının geniş təcrübəsi ilə tanış olaraq, ölkədə baş verən iqtisadi islahatların və biznes proseslərinin təhlil edilməsi, həmçinin, məlumatların daha peşəkar məzmunda təmin edilməsi istiqamətində əldə olunan bacarıqlarını tətbiq edə biləcəklər.

Kollegiyanın qərarına uyğun olaraq, aparıcı mətbuat və elektron kütləvi informasiya vasitələrini, eləcə də, radio və televiziyaları (AzərTac, ANS TV, “Azadlıq” radiosu, “Exo”, 1 news, AzTV, ITV, “Turan”, ANN, “Trend”, “Kaspi”) təmsil edən 11 jurnalist PAŞA Bank və “British Council”ın layihəsində iştirak üçün seçilmişlər.

Bankımızın əməkdaşları, eləcə də, PAŞA Bank Rotari Klubunu yaratmışlar. Bu klub vasitəsilə himayədarlıq məqsədi ilə əməkdaşlarımızın şəxsi vəsaitləri hesabına, kimsəsiz uşaq evlərinə müntəzəm səfərlər edilir və onların tələbatlarının ödənilməsi üçün səylər göstərilir. Rotari Klub gənc istedadların irəli çəkilməsinə sərmayə qoymaqla, kimsəsizlərin müxtəlif təşəbbüslərini dəstəkləyir.