Azərbaycanın ən böyük banklarından biri olan PAŞA Bank Azercell Telecom şirkətinin nəzdində fəaliyyət göstərən İnnovasiya və Sahibkarlıq Mərkəzi - BARAMA ilə əməkdaşlığa dair memorandum imzalayıb. Tərəflər arasında əsas əməkdaşlıq istiqamətləri Azərbaycanda innovasiyayönümlü sahibkarlığın dəstəklənməsinə və inkişafına, eləcə də iqtisadiyyatın qeyri-neft sektorunun, xüsusilə də İKT sahəsinin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi olacaq.
PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə əsasən, bank fəaliyyətinin ilk günlərindən etibarən korporativ sektor ilə əməkdaşlıq edir və yerli sahibkarlığın, o cümlədən, kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsinə böyük diqqət yetirir. «BARAMA ilə əməkdaşlığı biz ilk növbədə yeni başlayan iş adamlarına dəstək nöqteyi nəzərindən qiymətləndiririk. Biz əminik ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı müəyyən dərəcədə gənc, innovasiya yönümlü iş adamlarından asılıdır. Və biz hər zaman onlara tam dəstək göstərməyə hazırıq», - deyə, T.Kazımov bildirib.
Qeyd etmək istərdik ki, tərəflər artıq birgə layihələrin həyata keçirilməsi sahəsində uğurlu təcrübəyə malikdir. Belə ki, PAŞA Bankın tərəfdaşlığı ilə BARAMA və Bakıda fəaliyyət göstərən digər strukturlar arasında "Seedstars World" adlı fəaliyyətə yeni başlayan şəxslərin müsabiqəsi keçirilmişdi.