Londonda "Azərbaycanın maliyyə bazarı: 2015-ci il üçün proqnoz" beynəlxalq biznes-forumu başa çatdı. Tədbirin təşkilatçısı Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank idi.
Beynəlxalq biznes-forumun məruzəçiləri Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət təmsilçisi, Azərbaycanın Qiymətli Kağızlar üzrə dövlət komitəsinin, PAŞA Bankın, SWIFT-in və digər şirkətlərin nümayəndələri olmuşdur. Tədbir çərçivəsində dəvət olunmuş məruzəçilər və ekspertlər Azərbaycanın bank sektorunun və yerli bazarın beynəlxalq inkişafının artımı və perspektivləri; Avropa ölkələri ilə ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi; Avrasiya qitəsinin iqtisadi baxımdan ən cəlbedici ölkələrindən biri kimi Azərbaycana investisiya qoyuluşu üçün perspektiv istiqamətlər və digər aktual mövzuları müzakirə etmişlər.
PAŞA Bankın Baş İnvestisiya Direktoru, İdarə Heyətinin üzvü Taleh Kazımovun sözlərinə görə, biznes-forumun mövzu bölmələri çərçivəsində keçirilən müzakirələr iştirakçılara Azərbaycanın maliyyə-bank sisteminin indiki vəziyyəti haqqında fikir mübadiləsi aparmağa, onun 2015-ci ildə gələcək inkişafının vektorlarını öyrənməyə və müvafiq nəticələr çıxararaq, proqnozlar verməyə imkan yaratmışdır. T. Kazımov sonda bildirmişdir: "Forumun yüksək vəzifəli məruzəçilərinin çıxışları, habelə tədbirin gedişində dəvət olunmuş ekspertlərlə konstruktiv dialoqun yaranması biznes-forumun iştirakçılarına aktual suallara bütün lazımi cavabları almağa imkan vermişdir. Əminəm ki, bu da xarici investorların əhval-ruhiyyəsinə və Azərbaycanın kapital bazarının inkişafına müsbət təsir göstərəcək".