09/10/2014
Oktyabrın 8-də Beynəlxalq muğam mərkəzində VI Beynəlxalq uşaq muğam festivalının final mərhələsi keçirilib. Tədbirin baş sponsoru növbəti dəfə Azərbaycanın ən böyük banklarından biri olan – PAŞA Bank olub. Bu il “Kainat” mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Nəqliyyat Nazirliyinin , habelə Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən festivalda 10-dan artıq ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, İran, Özbəkistan, Misir və s. ölkələrdən muğam ifaçıları iştirak edib.
PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin baş meneceri Sevil Qasımovanın sözlərinə görə, Bank sosial-məsuliyyətli təşkilat mövqeyini tutur və bununla əlaqədar olaraq artıq neçə ildir ki, beynəlxalq miqyaslı bu mədəni tədbirin keçirilməsinə dəstək göstərir. S. Qasımova fikrini yekunlaşdıraraq bildirib ki: “Festivalın keçirilməsində əsas məqsədi muğam kimi sənətin həm yerli, həm də beynəlxalq səviyyədə inkişaf və təbliğ edilməsində görürük. Biz çox şadıq ki, həyata keçirilən Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində bizə belə iri miqyaslı mədəni tədbirin keçirilməsinə dəstək göstərmək imkanı verilib”.
Münsiflər heyətinin qərarına əsasən, I yerə Özbəkistanın, II yerə – Azərbaycan və İranın iki təmsilçisi, III yerə isə Qazaxıstan, Türkiyə və Misirin təmsilçiləri layiq görülüb. Festivalın qran-pri mükafatını azərbaycanlı ifaçı Atlaz Mehdiyeva qazanıb. Qalan iştirakçılara həvəsləndirici mükafatlar verilib.