11/11/2013
Noyabr ayının 11-də yerli kütləvi informasiya vasitələrində biznes-mövzuları işıqlandıran jurnalistlərin yeni təlim proqramı start götürür. Layihə, Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank və Böyük Britaniyanın mədəni əlaqələr və təhsil üzrə aparıcı beynəlxalq təşkilatı - British Council tərəfindən artıq üçüncü ildir ki, uğurla həyata keçirilir.

Bu, seçilmiş jurnalistlərin ehtiyacları nəzərə alınmaqla, xüsusi hazırlıq proqramı çərçivəsində milli kütləvi informasiya vasitələrinin işçilərinin peşəkar bilik və bacarıqlarının möhkəmləndirilməsinə yönəldilən nadir layihədir. Proqram Avropanın ən iri media-strukturlarından biri - bütün dünyada müxtəlif kütləvi informasiya vasitələrinin yaradılmasında və dəstəklənməsində minlərlə jurnalistə imkan yaradan və dünyanın yüzdən çox ölkəsində fəaliyyət göstərən "Thomson Foundation"in (Böyük Britaniya) təşkilati dəstəyi ilə həyata keçirilir.

Layihədə iştirak etmək üçün PAŞA Bank və British Council "Caspian International Broadcasting", "ANS TV", "Kəpəz TV", "Trend", "MIA", "Region Plus", "Business Times" və digərləri daxil olmaqla, Azərbaycanın aparıcı KİV-ni təmsil edən 12 peşəkar jurnalisti seçmişdir. Bu il layihəyə jurnalistlər üçün xüsusi media-kursun keçirilməsi və onlardan ikisinin Böyük Britaniyaya səfəri daxil edilib. Burada onlar məşhur qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinin redaksiyalarında olacaq, təcrübə mübadiləsi edəcək və aparıcı jurnalistlərlə görüşlər keçirəcəklər.

Proqramın 1-ci mərhələsi noyabrın 15-də başa çatacaq.