08/03/2021

Tri.jpg (650 KB)Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, ilk dəfə olaraq “Ironwoman” adını qazanmaq uğrunda aparılacaq mübarizəni dəstəkləyəcək. “Triterra Triathlon Club”unun dəstəyi ilə “Ironman” triatlon yarışı çərçivəsində qadın iştirakçılar da marafon, üzgüçülük və velosiped sürmək kimi idman növlərində öz qüvvələrini sınayacaq.

Şərtlərə əsasən istənilən şəxs hazırlıq prosesinə qatıla və “Triterra Triathlon Club”unun peşəkar təlimçilərilərinin dəstəyindən faydalana bilər. Klub tərəfindən təşkil olunan fərdi və ya qruplar üzrə təlim-məşqləri zamanı iştirakçılara yarışdakı məsafəni qət etmək üçün bütün gərəkən məlumatlar veriləcək.

Rəsmi “Ironman” yarışında Azərbaycanı təmsil edən və məsafəni təyin olunmuş zaman çərçivəsində tamamlayaraq, “Ironwoman” adını qazanan ilk qadın iştirakçıya PAŞA Bank tərəfindən 10 000 AZN mükafat təqdim olunacaq. Yarış şərtlərinə əsasən müəyyən olunmuş 17 saat ərzində fasiləsiz 4 km üzmə, 180.25 km velosiped və 42.20 km marafon qaçışını tamamlamaq lazım gələcək.

“Bu yarış vasitəsilə PAŞA Bank, qadınları öz qüvvələrinə daha çox inanmağa və daha yüksək zirvələri fəth etməyə ruhlandırmaq istəyir. Biz, fiziki hazırlıq səviyyəsindən, sosial mövqeyindən asılı olmayaraq, bütün qadınları öz potensialını kəşf etməyə və yarışa qatılmağa səsləyirik. PAŞA Bank, Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində bu növ təşəbbüslərin həyata keçirilməsini və dəstəklənməsini gələcəkdə də davam etdirəcək.”, - deyə PAŞA Bankın Korporativ İdarəetmə və İnzibatçılıq departamentinin direktoru Gülər Paşayeva bildirib.

“Triterra Triathlon Club”unun təsisçisi Rüfət Həsənov Azərbaycanda ilk dəfə olaraq belə bir təşəbbüsün dəstəklənməsinin təqdirəlayiq hal olduğunu söyləyib. “Yarış əzmkarlıq, dözüm və özünə inam tələb edir ki, bu keyfiyyətlərin hamısı bizim qadınlarda cəmlənib. İnanıram ki, bu təşəbbüs xanımlarımız tərəfindən böyük maraqla qarşılanacaq.”, - deyə R.Həsənov vurğulayıb.

Qeyd edək ki, PAŞA Bank, bütün fəaliyyət sahələrində gender bərabərliyinə və qadınların rolunun gücləndirilməsinə yönəlmiş bir sıra təşəbbüslərin həyata keçirilməsinə dəstək verir. Belə ki, Bank, son illər ərzində iş mühitində gender bərabərliyin təşviq edilməsinə və qadınların peşəkar inkişafına yönəlmiş tədbirlərin, o cümlədən “S.H.E – Beynəlxalq Qadınlar konqresi”nin, “Scale up” biznes akselerator proqramının və “womENcourage” beynəlxalq toplantısının tərəfdaşı qismində çıxış edib.

Yarışla bağlı ətraflı məlumat əldə etmək üçün bu səhifəyə daxil olun: http://triterra.az/