PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində investorlar və bazar iştirakçıları ilə görüş keçirib.
Görüşdə PAŞA Bank-ın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyev, PAŞA Bank-ın baş maliyyə inzibatçısı Murad Süleymanov, EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev, Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və PAŞA Kapital-ın baş əməliyyat inzibatçısı Elnur Fətullayev iştirak ediblər.
23 aprel 2026-cı il tarixində baş tutan tədbir zamanı Nağıyev bildirib ki, IPO investorlar üçün yeni imkanlar yaradır və bazarda şəffaflığı artırır.
“İctimai bazara çıxış korporativ idarəetmə standartlarımızın daha da möhkəmlənməsinə və investorlarla münasibətlərin yeni mərhələyə keçməsinə şərait yaradır. Biz uzunmüddətli dəyər yaratmağa fokuslanaraq bütün maraqlı tərəflər üçün davamlı inkişaf təmin etməyi hədəfləyirik,”- deyə, Nağıyev qeyd edib.



