“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
16 Noyabr 2026

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən təşəbbüslərə dəstəyini davam etdirir.
Noyabrın 11-də Bolqarıstanın paytaxtı Sofiyada Zəfər Gününə həsr olunmuş “Azərbaycan xalçaları: İrsin ilmələri” sərgisinin açılışı keçirilib. Azərbaycanın Bolqarıstandakı Səfirliyi, “Azərxalça” ASC və Bolqarıstan Milli Etnoqrafiya Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan sərgidə Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri və müasir bədii ifadə imkanları təqdim olunub.
Təşəbbüs çərçivəsində PAŞA Holding, PAŞA Bank və Kapital Bankın dəstəyi ilə “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Pazırıq” və “Şəbəkəli” adlı beş Azərbaycan xalçası Bolqarıstan Milli Etnoqrafiya Muzeyinə hədiyyə edilib. Milli xalçaçılıq sənətimizin özünəməxsus naxış və ornamentlərini əks etdirən bu nümunələr Azərbaycan mədəni irsinin tanıdılmasına və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.

Sərgidə ənənəvi Azərbaycan xalçaları ilə yanaşı, rəssam və dizaynerlərlə əməkdaşlıq çərçivəsində yaradılmış müasir xalça nümunələri də nümayiş olunub. Ekspozisiyada Rüfət İsmayıl, Rəşad Ələkbərov, Aydan Salahova, Samirə Allahverdiyeva və Səma Məmmədlinin əsərləri yer alıb.
Açılış mərasimində Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov və “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxış ediblər.
Milli mədəni irsin qorunması, müasir formada təqdim olunması və gələcək nəsillərə ötürülməsi PAŞA Holdingin korporativ sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindəndir. Qrup mədəniyyət və incəsənət sahəsində həyata keçirilən təşəbbüsləri dəstəkləməklə Azərbaycanın milli dəyərlərinin dünyada tanıdılmasına və beynəlxalq mədəni əməkdaşlığın inkişafına töhfə verməyə davam edir.



