Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın tərəfdaşlığı və Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı ilə keçirilən “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsi başa çatıb.
May ayının 30-da keçirilən müsabiqənin təltifetmə mərasimində bu ilki qaliblərin adları açıqlanıb. Beləliklə, “Araz Supermarketlər şəbəkəsi”, “Azerconnect Group”, “Bridge Group of Companies”, “Embawood” və “Metak” şirkətləri müsabiqənin qalibləri seçilərək, qlobal biznes icmasının üzvünə çevrilmək imkanı qazanıblar.
Təltifetmə mərasimində çıxış edən “PAŞA Bank”ın İdarə heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, Bank özəl şirkətlər üçün bir sıra imkanlar və üstünlüklər yaradan “Best Managed Companies” layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Deloitte şirkəti ilə uğurlu tərəfdaşlıq edir.
“Bank adından böyük qürur hissi ilə “Best Managed Companies” layihəsi çərçivəsində bu il uğur qazanan Azərbaycan şirkətlərini təbrik edirəm. Bu qalibiyyət sizin yeniliklərə açıq olduğunuzu və inkişafa sadiqliyinizi nümayiş etdirir. Əminəm ki, layihənin qalibləri ilə yanaşı, bütün iştirakçıların müsabiqə ərzində qazandıqları praktiki tövsiyələr və biliklər onlara öz fəaliyyətlərini daha da genişləndirməyə və ən əsası yeni işgüzar əlaqələr quraraq, beynəlxalq biznes mühitinə inteqrasiya etməyə kömək edəcək”, - deyə, Cavid Quliyev bildirib.



