“PAŞA Bank”ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən “Azerbaijan Best Managed Companies 2024” müsabiqəsi elan olunub.
Bu biznes müsabiqəsi illik gəliri 20 milyon AZN-dən çox olan Azərbaycanın özəl şirkətlərinin tanınması üçün nəzərdə tutulub. “Best Managed Companies” layihəsi, Deloitte şirkətinin istənilən miqyasda özəl şirkətlər üçün xidmət göstərən xüsusi bölməsi olan Deloitte Private tərəfindən təqdim edilmiş ən qabaqcıl proqramdır. Proqramın Azərbaycanda sponsoru Deloitte Private, PAŞA Bank, tərəfdaşları ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziyadır.
Deloitte Azərbaycanın İdarəedici Partnyoru Nuran Kərimov böyük məmnunluq hissi ilə bildirdi ki, 30 il ərzində 46 ölkədə uğurla tanınan “Best Managed Companies” layihəsi Azərbaycanda artıq iki ildir keçirilir və müvəffəqiyyətlə üçüncü ilinə keçid alır. Burada əsas hədəfimiz Azərbaycanda sahibkarlığa dəstək olmaqdır. Bu biznes müsabiqəsində iştirak edən özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklər yaradılır. Layihə çərçivəsində Deloitte mütəxəssisləri iştirakçı şirkətlərin idarəetməsini dəyərləndirib onlarla aparıcı beynəlxalq praktikanı paylaşır və praktiki tövsiyələr verirlər. Qalibləri Azərbaycanda peşəkarlığı ilə tanınmış üzvlərdən ibarət müstəqil hakimlər heyəti müəyyən edir. Biz ölkəmizin özəl sektorda olan şirkətlərini bu nüfuzlu yarışmada iştirak etməyə dəvət edirik.
“Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank bizneslərin dayanıqlı inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə daima dəstək verir. Belə layihələrin arasında “Best Managed Companies” platforması xüsusi rola malikdir. Bu layihə iqtisadiyyatın real sektorunun inkişafına əlavə stimuldur. Proqram biznes subyektlərinin korporativ idarəetmə, insan resurslarının idarə edilməsi, likvidliyin idarə olunması, kapitalın idarə edilməsi sahələrini təkmilləşdirmələrinə böyük töhfə verir. Bu birmənalı olaraq Azərbaycan iqtisadiyyatının sağlam inkişafına və sabitliyinə təsir edir. Bunu nəzərə alaraq, PAŞA Bank Deloitte şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən bu proqramın inkişafına dəstək göstərməyə davam edəcək,” - deyə, PAŞA Bankın İdarə Heyətinin Sədri Cavid Quliyev vurğulayıb.



