Cəmiyyətdə qadınların rolunun gücləndirilməsinə yönəlmiş tədbirlərin təşəbbüskarı olan “PAŞA Bank”, “Femmes Digitales” İctimai Birliyinin mentorları ilə görüşüb.
Sentyabr ayının 27-də baş tutan görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları ilə görüşən “PAŞA Bank”ın idarə heyətinin üzvü və baş risk inzibatçısı Xəyalə Nağıyeva, Bankın qadın sahibkarlığının və gender bərabərliyinin təşviqi istiqamətindəki fəaliyyətindən danışıb. O, təşkilatlarda risk mədəniyyətinin qurulmasının vacibliyindən, eləcə də rəqəmsal bankçılıq sahəsində risklərin doğru şəkildə idarə edilməsinin əhəmiyyətindən bəhs edib və bu sahədə öz təcrübəsini bölüşüb.
“PAŞA Bank”ın Texnologiyalar blokunun baş direktoru Vüsal Xəlilov öz növbəsində Bankın rəqəmsal inkişaf strategiyasından danışıb. O, Bankın ən müasir texnoloji maliyyə vasitələrinin əlçatanlığının artırılması və bazara yeni rəqəmsal həllərin təqdim edilməsi istiqamətindəki fəaliyyətinə də toxunub.



