Yenilənmə tarixi: 8 İyun 2026
Kredit verilmə prosesi. Bankın kredit verilmə prosesi aşağıdakı sahələri əhatə edir:
Kredit risklərinin qiymətləndirilməsi - Bank strategiyasına və siyasətinə müvafiq olaraq borcalan ilə bağlı kredit riskini qiymətləndirmək üçün maliyyə hesabatlarının təhlil metodu ilə yanaşı daxili kredit risk reytinq sistemindən istifadə edir. Kredit risk reytinqi sistemi borcalanları risk reytinqləri üzrə təsnifləşdirir və portfel üzrə ümumi risk profilini müəyyən etməyə imkan verir. Reytinq sistemi beynəlxalq standartlar əsasında yerli iqtisadi şərait nəzərə alınmaqla iqtisadi sektorlar səviyyəsində müəyyən edilir. Burada sektoral özəlliklər diqqətə alınaraq Müştərinin Defolt ehtimalı əmsalı (PD) hesablanır. Borcalanın risk reytinqi kredit tələbinin yaranma anında müəyyən edilir və ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilir. İqtisadi şəraitin, borcalanın öhdəlik üzrə davranışının dəyişməsi hallarında borcalanın risk reytinqinə yenidən baxılır. Borcalanın risk reytinqi müəyyən olunan zaman onun maliyyə və keyfiyyət (fəaliyyət göstərdiyi sahə, fəaliyyətinin davamlılığı, kredit tarixçəsi və s.) göstəriciləri nəzərə alınır.
Bank müştərilərə verilən kreditlər üzrə ehtiyatın müəyyən edilməsi üçün BMHS (IFRS) 9 Dəyərsizləşmə metodologiyasını tətbiq etməkdədir.
Stress testlərin aparılması. Bank kredit portfelinin iqtisadi, maliyyə və bazar riskləri ilə bağlı amillərinə, o cümlədən faiz dərəcəsinin dəyişməsi, valyuta məzənnəsi, likvidlik göstəricilərinə, iqtisadi sektorlar üzrə dövri/mövsümi göstəricilərə, qiymətlərin dəyişməsi proqnozuna həssaslıq səviyyəsinin ölçülməsi məqsədi ilə stress testlər keçirir.
PAŞA Bank xarici valyuta risklərindən qorunmaq üçün və risklərin mitiqasiyası üçün bir sıra xüsusi kreditləşmə qaydalarından və hedcləşmə alətlərindən istifadə edir. Bu qayda və alətlər aşağıdakılardır:
Xarici valyutada kreditləşmə qaydaları - Müştərilərin xarici valyutada gəlirlərinin olmasına əsasən müştərilərin xarici valyutada kredit götürmə qabiliyyəti müəyyənləşdirilir, habelə kreditin qiymətləndirilməsi mərhələsində müxtəlif məzənnələr üzrə devalvasiya stress testləri yerinə yetirilir və müştərinin stress testə davamlılığına müvafiq olaraq reyting və girov şərtləri çərçivəsində kreditləşmə aparılır.