PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
23 Oktyabr 2026

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün “Əlverişli gömrük tənzimləmələri və müvafiq maliyyə məhsulları vasitəsilə KOB-ların idxal-ixrac əməliyyatlarının dəstəklənməsi” mövzusunda tədbir keçirib.
Tədbirdə beynəlxalq ticarətlə məşğul olan sahibkarların gündəlik fəaliyyətdə qarşılaşdıqları çətinliklər, gömrük qaydaları və qanunvericilikdəki dəyişikliklər, rəqəmsallaşma təşəbbüsləri, logistika prosesləri və maliyyələşmə imkanları müzakirə olunub. Eyni zamanda, yeni tənzimləmə qaydalarının biznes əməliyyatlarına təsiri ətrafında fikir mübadiləsi aparılıb.
Deloitte Azərbaycanın hüquq üzrə meneceri Şəbnəm Sadıq xarici ticarət əməliyyatlarında tətbiq olunan gömrük qaydaları və qanunvericilikdəki dəyişikliklərə dair təqdimatla çıxış edib. Təqdimatda gömrük auditi institutunun tətbiqi, İntellektual Gömrük İnformasiya Sisteminin (İGİS) imkanları, müvəqqəti saxlanc, ekspres daşınma və gömrük təmsilçiliyi ilə bağlı yeniliklərə toxunulub. Həmçinin gömrük əməliyyatlarının rəqəmsallaşdırılması, elektron xidmətlər, nağdsız ödəniş mexanizmləri və gömrük və vergi orqanları arasında məlumat mübadiləsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə məlumat verilib.
Panel müzakirəsində PAŞA Bankın Kredit Risklərinin Anderraytinqi üzrə Aparıcı direktoru Cəlal Quliyev, Kiçik və Orta Sahibkarlıq Bankçılığı üzrə Direktoru Arif Heydərov və Green Tech Qrupun Logistika və Gömrük Əməliyyatları Departamentinin rəhbəri Rüfət Ağayev çıxış ediblər. Çıxışlar zamanı idxal və ixrac əməliyyatlarında yaranan logistika və maliyyə məsələləri, təchizat zəncirinin idarə olunması, yeni gömrük tələblərinə uyğunlaşma və bu dəyişikliklərin biznes fəaliyyətinə təsiri ilə bağlı fikirlər bölüşülüb.

Green Tech-in təcrübəsi əsasında məhsulun istehsaldan son istehlakçıya çatdırılması mərhələləri, gömrük rəsmiləşdirilməsi zamanı yarana biləcək çətinliklər, sənədləşmə proseslərinin rolu, eləcə də logistika gecikmələrinin əməliyyat fəaliyyətinə və biznes nəticələrinə təsiri nəzərdən keçirilib. Qeyd olunub ki, logistika və sənədləşmə işlərinin düzgün təşkili xərclərin optimallaşdırılmasına və əməliyyatların fasiləsiz aparılmasına yardım edir.
Panel çərçivəsində sahibkarların maliyyələşmə ehtiyaclarının təmini məsələləri müzakirə edilib. PAŞA Bankın nümayəndələri faktorinq və ticarətin maliyyələşdirilməsi həlləri, kredit xətləri və akkreditivlərdən istifadə imkanları barədə məlumat veriblər. Bildirilib ki, uyğun maliyyə həllərinin seçilməsi şirkətlərə dövriyyə vəsaitlərini daha səmərəli idarə etməyə və xarici ticarət əməliyyatlarını daha çevik həyata keçirməyə şərait yaradır.
Tədbirdə PAŞA Bankın Rəqəmsal, KOB və Hibrid Kreditlər üzrə Baş məhsul sahibi Heydər İbrahimov faktorinq məhsuluna aid təqdimatla çıxış edib. Təqdimatda faktorinqin debitor borclarını maliyyələşdirməklə sahibkarların dövriyyə vəsaitlərinə çıxışını sürətləndirdiyi bildirilib. Həmçinin bu həllin ödənişlərin daxil olmasını gözlədikləri müddətdə sahibkarların maliyyə ehtiyaclarının qarşılanmasına və likvidliyin daha səmərəli idarə edilməsinə dəstək verdiyi vurğulanıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, beynəlxalq ticarətin inkişaf perspektivləri və sahibkarların fəaliyyət zamanı rast gəldikləri praktiki məsələlər ətrafında müzakirələr aparılıb.
PAŞA Bank sahibkarların maliyyələşmə imkanlarının genişləndirilməsi və beynəlxalq ticarət fəaliyyətinin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir.

Sizə maraqlı ola bilər

21 Oktyabr 2026
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

16 Oktyabr 2026
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

16 Oktyabr 2026