Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” Azərbaycanın iqlim və davamlılıq təşəbbüslərinə dəstək məqsədilə dayanıqlı maliyyələşmə və ekoloji layihələrə investisiyalar istiqamətində fəaliyyətini gücləndirdiyini bəyan edib.
30 sentyabr – 3 oktyabr tarixlərində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində təşkil olunan panel müzakirələrində Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev çıxış edərək COP29-un Azərbaycanın maliyyə sektoruna təsirlərini və dayanıqlılıq istiqamətində bankların rolunu vurğulayıb.
Nağıyev çıxışında qeyd edib:
“COP29-dan sonra “PAŞA Bank” olaraq Azərbaycanın yaşıl keçidinə töhfə vermək üçün portfelimizi ekoloji və sosial meyarlara uyğunlaşdırır, dayanıqlı maliyyələşmə layihələrini dəstəkləyir və KOB-ların yaşıl keçidə cəlb olunmasına önəm veririk. İnanırıq ki, real təsir yalnız bütün maliyyə sektoru tərəfindən dayanıqlılıq prioritet kimi qəbul edildikdə mümkün ola bilər.”


