Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, regionun ən böyük innovasiya tədbiri – “İNMerge” sammitinə platin sponsor qismində dəstək göstərir.
"PASHA Holding"in təşkilatçılığı ilə 29–30 sentyabr 2025-ci ildə Bakı Konqres Mərkəzində keçirilən sammitin məqsədi startaplarla investorları bir araya gətirərək səmərəli əməkdaşlıq üçün platforma yaratmaq, ekosistem iştirakçıları arasında ideya və təcrübə mübadiləsini təşviq etməkdir. Tədbirdə fintex, telekommunikasiya, e-ticarət və digər sahələrdən olan qlobal liderlər və innovatorlar görüşüb. Sammit iştirakçılar üçün beynəlxalq tərəfdaşlıqlar qurmaq və regionun innovasiya gündəmini formalaşdıran simalarla ünsiyyət imkanı yaradan strateji şəbəkələşmə mərkəzinə çevrilib.
Bu il “PAŞA Bank” sammit çərçivəsində “Məsuliyyətli bankçılıq” mövzusuna həsr olunmuş vertikala ev sahibliyi edir. Burada məsuliyyət bank sektorunda sadəcə bir standart və ya meyl kimi deyil — bütövlüyün, etibarın və uzunmüddətli dəyər yaratmağın ayrılmaz tələbi kimi təqdim olunur. Sessiyalarda biznesin cəmiyyətə verə biləcəyi real fayda, dayanıqlı maliyyə ekosisteminin qurulmasında innovasiyanın rolu və qlobal transformasiyaların regiona təsiri müzakirə olunur.





