Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2024” layihəsi çərçivəsində ilk işgüzar görüş baş tutub. Tədbirdə münsiflər heyətinin üzvləri, müsabiqədə ötən il qalib gələn şirkətlərin və bu ildə iştirak üçün artıq müraciət edən şirkətlərin təmsilçiləri iştirak edib.
Qeyri-rəsmi mühitdə keçirilən görüşdə “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin əsas fəlsəfəsi və hədəfləri, qalib seçilmək üçün tələb olunan əsas meyalar və qiymətləndirmə zamanı münsiflər heyəti tərəfindən əsas diqqət yetirilən kriteriyalar ətraflı müzakirə olunub. Həmçinin, ötən il qaliblər siyahısında yer alan AVRORA Qrup, METAK, NORM Sement, Veyseloğlu Şirkətlər Qrupunun rəhbər nümayəndələri müsabiqədə iştirak təcrübəsi və faydaları haqqında çıxış edərək, bu ilki nəmizəd şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparıb və onlara dəyərli məsləhətlər veriblər.


