Vasif bəy, istər dünyada, istərsə də Azərbaycanda kibertəhlükəsizlik sahəsinin inkişaf tendensiyalarında hansı trendlər izlənilir?
Qlobal informasiya texnologiyalarının və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin edilməsi mühüm məsələlərdən birinə çevrilib. Dünya əhalisinin 60%-dən çoxu internet istifadəçisidir. Bu, həm də dünya əhalisinin 70 %-nin kibertəhlükəsizlik problemləri ilə üzləşə biləcəyi deməkdir. Müxtəlif tənzimləyici qurumlar və təşkilatlar tərəfindən bu sahəyə iri həcmdə sərmayələrin yatırılmasına, eləcə də məlumatlılıq səviyyəsinin artırmasını hədəfləyən tədbirlərin keçirilməsinə baxmayaraq, kibertəhlükəsizlik riskləri hələ də ən mühüm risklər arasında birinci üçlükdə yer alır. Bildiyimiz kimi, kiberhücumların arxasında duran əsasən motivasiyalar kibercinayətkarlıq, “haktivizm”, kibermüharibə və kibercasusluqdur. Bu hücumların əsas hədəfləri isə dövlət orqanları, sənaye obyektləri, ayrı-ayrı fərdlər, onlayn xidmətlər və maliyyə institutlarıdır.
Kibertəhdidlər dünya iqtisadiyyatı üçün daimi təhlükə təşkil edir. Belə ki, onların vurduğu ziyanın həcmi son illərdə trilyonlarla dollarla ölçülür. Ən müasir texnoloji vasitələrdən istifadə kibertəhdidlərin də artmasına və genişlənməsinə gətirib çıxarır. Bu artım həmçinin onların qarşısını alınması üçün sərf olunan xərclərə də təsir edir. Nəticədə qlobal kibertəhlükəsizlik sənayesi formalaşır və yüksək templə inkişaf edir.
Son illərdə kiberhücumlardan qorunma sistemləri ilə yanaşı, onların vaxtında aşkarlanması, cavab tədbirlərinin görülməsi və fəsadlarının minimallaşdırılması üzrə xüsusi strukturun yaradılması da həyata keçirilir. Bu struktur Təhlükəsizlik Əməliyyat Mərkəzləridir (Security Operation Center - SOC). Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda bu strukturların sayı artmaqdadır.
Ümumiyyətlə, son illər ərzində Azərbaycanda bu sahədə əhəmiyyətli işlər görülür. Ölkənin milli kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və beynəlxalq trendlər nəzərə alınmaqla inkişaf etdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları və assosiasiyaları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizin kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə mövqeyi yüksəlməkdədir. Belə ki, 2023-cü il üzrə Milli Kibertəhlükəsizlik İndeksinə əsasən Azərbaycan reytinqdə 33 pillə irəliləyərək Qazaxıstan, Belarus, Özbəkistan kimi ölkələri qabaqlayıb və 52-ci yerdə qərarlaşıb.
Son illərdə dünyada kibertəhdidlərlə yanaşı, rəqəmsal fırıldaqçılıq hallarında da artım müşahidə olunur. Hazırkı dövrdə “ənənəvi” hal almış hansı fırıldaqçılıq növlərinə daha çox rast gəlmək olar?
Fırıldaqçılıq halları yer aldığı sahəyə, baş vermə formasına və növünə görə dəyişkəndir. Sabit qalan məqam isə fırıldaqçıların üçüncü şəxslərin vəsaitləri hesabına varlanmaq istəkləridir. Maliyyə fırıldaqçılığı hal-hazırda dünyada ən aktual problemlərdən biridir.
Dələduzluq hallarını nəzərdən keçirdikdə, bu əməliyyatların bir neçə istiqamətdə baş verməsini müşahidə edə bilərik. Bunlardan birincisi, təşkilatdaxili, ikincisi isə təşkilatxarici dələduzluq əməlləridir. Sərmayədarlara təhrif olunmuş maliyyə hesabatlarının təqdim edilməsi, şişirdilmiş gəlirlər və xərclərin tanıdılmaması, maraq toqquşmaları, şirkət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, şirkət əmlakının və yaxud pul vəsaitlərinin fərqli yollarla mənimsənilməsi kimi hallar təşkilatdaxili dələduzluq əməlləri sırasındadır.
Təşkilatxarici dələduzluq hallarına isə şirkətin və ya müştərilərinin texniki üsullarla və ya sosial mühəndislik alətləri ilə inamını qazanaraq həssas məlumatlarının, eləcə də texniki sazlanmalarda, o cümlədən proseslərdə yaranan boşluqlardan istifadə edərək pul vəsaitlərinin ələ keçirilməsi nəticəsində maliyyə dələduzluğuna cəhdləri aid etmək olar. Bəzi hallarda təşkilatxarici dələduzluq əməliyyatları daxildən məlumat sızmasının əsasında da icra olunur.
Hazırda aktual olan dələduzluq faktlarına nəzər yetirsək, bu dələduzluq hallarının dələduzluq prosesini quran şəxs tərəfindən deyil, onların vasitəçiləri tərəfindən həyata keçirildiyinin şahidi oluruq. Sosial mühəndislik, saxta iş elanları, “Ponzi sxemi” və ya digər adı ilə piramida tipli sxemlər, texniki boşluqlardan istifadə fişinq növlərinin və xarici dələduzluq faktlarının sayındakı artıma ciddi təsir edib. Bütün bu dələduzluq əməliyyatlarının baş verməsi isə daha çox maliyyə məlumatlılığının zəif inkişaf etdiyi mühitindən qaynaqlanır.


