“PAŞA Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək

12 октября 2026

“PAŞA Bank” ASC 16 noyabr 2026-cı il tarixində səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. Yığıncaq Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil olunacaq.
Səhmdarların səsvermədə iştirakı Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinet vasitəsilə nəzərdə tutulur.

Ümumi yığıncağın gündəliyinə Bank tərəfindən emissiya edilmiş səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinin (IPO) nəticələri nəzərə alınmaqla “PAŞA Bank” ASC-nin nizamnamə kapitalının artırılması və bununla əlaqədar Bankın nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi, həmin dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilməsi məsələləri daxil edilib. Həmçinin, yığıncaqda nizamnaməyə ediləcək dəyişikliklərin rəsmiləşdirilməsi və qərarların icrası ilə bağlı zəruri tədbirlərin görülməsi üzrə səlahiyyətlər “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyevə həvalə edilməsi müzakirəyə çıxarılacaq.

Ümumi yığıncağın gündəliyinə daxil edilmiş məsələlər üzrə materiallar və səsvermə bülleteni 19 oktyabr 2026-cı il tarixindən etibarən hər bir səhmdarın Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcək.

Səhmdarlar gündəlikdəki məsələlər üzrə mövqelərini 19 oktyabr – 15 noyabr 2026-cı il tarixləri arasında şəxsi kabinetləri vasitəsilə elektron qaydada bildirməklə səsvermədə qiyabi iştirak edə bilərlər.
Səslərin hesablanması 16 noyabr 2026-cı il tarixində, ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcək.

12 октября 2026