09/06/2016

İyun ayının 8-də Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank və “Deloitte Azerbaijan” “Gəlir dəyişə bilən biznesə gəlir” adlı birgə konfrans keçirib. Tədbir Azərbaycanın və regionların iqtisadiyyatında baş verən dəyişikliklər fonunda kiçik və orta sahibkarlığın (KOS) inkişafı mövzusuna həsr edilmişdir.

KOS sektorundan təxminən 70 nümayəndənin iştirak etdiyi konfrans iki tematik paneldən ibarət olmuşdur. Qanunvericilikdə son dəyişikliklərə və yeni bazar şəraitinə həsr olunan birinci panel çərçivəsində sahibkarlar mövcud çağırışları və fəaliyyətlərindəki çətinlikləri müzakirə edib, habelə biznesin inkişafı üçün potensial imkanlar barədə fikirlərini bölüşdülər. Biznesin sabit inkişafına həsr olunmuş ikinci panel çərçivəsində aparılmış müzakirələr isə yeni iqtisadi reallıqlara uyğunlaşma metodları, korporativ idarəetmənin təkmilləşdirilməsi və s. bu kimi mövzular ətrafında qurulmuşdur.

Tədbirin açılışında iştirak edən PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib ki, bugünkü dəyişkən reallıqlar fonunda uzunmüddətli dayanıqlı inkişafı təmin etmək üçün bütün tərəfdaşlar – banklar, şirkətlər, tənzimləyici orqanlar və cəmiyyət - öz yollarına eyni fəlsəfə, eyni əqidə və eyni biznes yanaşma ilə davam etməlidirlər.

“Məhz buna nail olmaq üçün, 2016-ci ildə biz ənənəvi Korporativ Sosial Məsuliyyət prinsiplərindən uzaqlaşıb daha müasir konsepsiya olan Korporativ Tərəfdaşlıq Birliyi fəlsəfəsini tətbiq etməyə başladıq. Bu konsepsiyaya əsasən təşkilatların əməkdaşlıq etdiyi bütün tərəfdaşlar eyni şəkildə şəffaf, eyni dərəcədə dürüst və məsuliyyətli və eyni dərəcədə çevik və dəyişikliklərə açıq olmalıdır. Biz də PAŞA Bank olaraq öz müştərilərimizə bunda dəstək olmaq istəyirik. Burada məqsədimiz müştərilərimizə korporativ idarəçiliyin yeni, daha yüksək səviyyəsinə qalxmağa və daha şəffaf və çevik olmağa yardım etməkdir. Çünki yalnız birlikdə biz ölkədə davamlı biznes mühitinin yaradılmasına nail ola bilərik”, deyə Taleh Kazımov yekünlaşdırdı.