Çap

Press-relizlər

PAŞA Bank Bakı Şəhər Halqası ilə əməkdaşlıq edəcək

Mayın 6-sı Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə qarşılıqlı əməkdaşlığa dair birgə anlaşma memorandumu imzalayıb. Əldə olunan razılığa əsasən PAŞA Bank, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bank xidmətləri üzrə tərəfdaşı kimi çıxış edəcək. Memorandumda tərəfdaşlıq münasibətlərinin qurulması və müxtəlif birgə kampaniyaların keçirilməsi qarşıya məqsəd qoyulub. Memorandumu PAŞA Bankın İdarə Heyətinin üzvü Aydın Atakişiyev və BŞH-nın Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim imzalayıblar.

Tədbir zamanı PAŞA Bankın rəsmisi Aydın Atakişiyev bildirib ki, təmsil etdiyi qurum bir tərəfdaş kimi işgüzar fəaliyyətə böyük dəstək verir: "Yaranan ilk gündən bəri PAŞA Bank özünü adi bir bank deyil, müştərisinin tərəf müqabili kimi, hər zaman dəstəyinə arxalana biləcək bir yoldaş kimi mövqeləndirmişdir. PAŞA Bankın əməkdaşları müştərilərinin bizneslərinin müvəffəqiyyətli olması üçün ən yüksək səviyyəli ekspertiza və təcrübəni bir araya gətiriblər. Bu imkanlar sayəsində müştərilərimiz ən mürəkkəb və ən çətin şəraitdə belə yüksək uğurlara yiyələnə biləcəklər."

Tədbirdə əməliyyat şirkəti adından çıxış edən Bülent Özərdim qarşılıqlı əməkdaşlığın yarışın yüksək səviyyədə təşkil olunmasına böyük töhfə verəcəyini qeyd edib: "Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisinə hazırlıq işlərinin geniş vüsət aldığı bir ərəfədə Azərbaycanın ən qabaqcıl maliyyə qurumlarından biri olan PAŞA Bank ilə əməkdaşlıq etmək bizim üçün çox qürurverici haldır. Ev sahibliyi etdiyimiz Formula 1 yarışı şəhərimizə yeni biznes imkanları gətirəcək. Bundan maksimum faydalanmaq üçün hamılıqla fəaliyyətimizi yüksək standartlara uyğun qurmalıyıq. İnanırıq ki, bu istiqamətdə birgə görüləcək işlər yarışın yüksək səviyyədə həyata keçirilməsinə və qarşılıqlı əməkdaşlıq imkanlarının səmərəli şəkildə inkişafına xidmət göstərəcək."

Qeyd edək ki, memorandumun şərtlərinə əsasən tərəflər üzərlərinə göstərdikləri işgüzar xidmətin daha geniş kütləyə təqdim olunması istiqamətində qarşılıqlı fəaliyyətə dair öhdəlik götürüblər.

 

https://www.pashabank.az/press_centre,974/lang,az/