24/04/2016

Aprelin 22-də ölkənin aparıcı banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə "AmCham Azerbaijan" ABŞ-ın Azərbaycandakı Səfirliyi, ADA Universiteti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər dövlət və biznes-müəssisələri ilə birlikdə «Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq» mövzulu beynəlxalq konfrans təşkil edilib.

Konfransın iştirakçıları dayanıqlılıq, az karbonlu iqtisadiyyata keçid, ekoloji qanunvericilik və onun tətbiq edilməsi, ekoloji cəhətdən təmiz vasitələr barədə maarifləndirmə və onların təbliğ edilməsinə dair müzakirələr aparıblar. Konfransda, bərpa olunan enerji strategiyalarını uğurla tətbiq etmiş ölkələrin təcrübəsindən və bu sahədə aparılan araşdırmalardan və əldə edilən nəticələrdən faydalanmağın əhəmiyyəti vurğulanıb. Bütün ölkələr üçün bərpa olunan enerji üzrə milli siyasətin təkmilləşdirilməsi və müvafiq qanunvericiliyin əsasının qoyulmasına ehtiyac, həmçinin elmi və texniki bazanın yaradılması üçün sərmayə qoyulmasının zəruriliyi kimi mövzular əsas müzakirə obyekti olmuşdur.

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı yeni innovativ texnologiyalardan, "nou-xau" və aparıcı beynəlxalq təcrübələrdən və ekspertizalardan bəhrələnə bilər. «Digər sözlərlə, ölkəyə birbaşa xarici sərmayə və ya portfel sərmayələri ilə yanaşı "nou-xau" və yeni texnologiyaların da idxalı məqsədəuyğun olardı. Hökumət yerli iqtisadiyyatı, o cümlədən, yerli sərmayə iqlimini daha yaxşı və cəlbedici səviyyəyə yüksəltmək üçün səy göstərir. PAŞA Bank iqtisadiyyatımıza həmin məqsədlərə çatmağa kömək etməyə və beynəlxalq maliyyə bazarları və yerli işgüzar dairələr arasında "körpü" olmağa hazırdır", - T.Kazımov dedi.