29/03/2016

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın "British Council" və "Thomson Foundation" ilə birgə əməkdaşlıqla həyata keçirdiyi biznes-jurnalistikanın inkişafı üzrə növbəti proqram uğurla başa çatıb.

Layihənin final mərhələsi çərçivəsində əcnəbi həmkarlarının təcrübəsi və bu ölkənin media-strukturlarının iş prinsipləri ilə tanış olmaq üçün yerli KİV nümayəndələri Böyük Britaniyaya ezam olunmuşdur. Bir həftəlik səfər çərçivəsində Azərbaycan jurnalistləri «The Telegraph», «BBC», «Press Assoсiation» kimi dünyaca məşhur KİV nümayəndələri ilə görüşmüş, Azərbaycanın Böyük Britaniyadakı səfirliyini ziyarət etmiş, işgüzar səfərlə Lordlar Palatasında olmuş, London fond birjasının aparıcı mütəxəssisləri ilə görüşmüşdür.

Xatırladaq ki, PAŞA Bankın partnyorları ilə birgə hər il keçirdiyi biznes-jurnalistikanın inkişafı üzrə proqram 4 sessiyadan ibarətdir. İlk 3 sessiya çərçivəsində iştirakçılar onlayn-jurnalistikada tətbiq olunan müasir üsulları, peşəkar bloqun aparılmasını öyrənir, lazımi kontentin axtarışı metodu ilə tanış olur, məlumatın işlənməsi üçün onlayn-alətlərlə işləməyi öyrənir və s. Sessiyalar dəvət olunmuş təlimçi və konsultant, Britaniyanın tanınmış mütəxəssisi Den Meyson tərəfindən aparılır.

Layihənin əsas məqsədi Azərbaycanda iqtisadi və biznes mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olduqdan sonra yerli jurnalistlər əldə etdikləri vərdişləri daha peşəkar məlumatlandırmada və ölkədə baş verən iqtisadi islahatların və müxtəlif biznes-proseslərin təhlilində istifadə edə biləcək.