23/11/2015

16-17 noyabr tarixlərində Azərbaycanda regional və qlobal HR sənayesi sahəsindəki ən son tendensiyalara həsr olunmuş sayca 3-cü beynəlxalq Baku HR Experience konfransı baş tutub. Tədbirin baş sponsoru qismində növbəti dəfə "Ən yaxşı İşə götürən" kimi Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank çıxış edib.

2 günlük konfransın işində Unilever, The One Dubai, Diageo və s. bu kimi dünyaca məşhur şirkətlərdə iş təcrübəsinə malik kadr siyasəti məsələləri üzrə ekspertlər iştirak etmişdir. Bu il dəvət olunmuş mütəxəssislər yerli ekspertlərlə birgə əmək resursları sahəsindəki son tendensiyaları və problemləri müzakirə etmiş, HR-siyasətinin şirkətin fəaliyyətinə təsiri, təşkilat daxilində gənc istedadların inkişafı proqramlarının faydası kimi mövzulara böyük diqqət yetirmiş, təşkilatın fəaliyyətində korporativ mədəniyyətin rolu və əhəmiyyəti barədə fikirlərini bölüşmüşlər.

Baku HR Experience 3-ün fərqli xüsusiyyəti Philips-in sabiq vitse-prezidenti Teddi Frenkin keçirdiyi "Kollektivin işinin effektivliyinin və onun rifahının artmasına imkan verən mühitin yaradılması" adlı interaktiv seminar olmuşdur. Seminar çərçivəsində ekspertlər heyətin həvəsləndirilməsi məsələlərində tətbiq edilən praktiki həlləri, gənc mütəxəssislərin effektiv tədris və tərbiyə metodlarını və s. müzakirə etmişlər.

PAŞA Bankın İnsan Resursları departamentin direktoru Çimnaz Qasımovanın sözlərinə görə, Bank Azərbaycanda bu cür beynəlxalq tədbirlərin keçirilməsini alqışlayır və artıq üçüncü ildir ki, Baku HR Experience konfransına dəstək göstərir. Ç.Qasımova yekunlaşdıraraq bunları bildirmişdir: "Biz, belə tədbirlərin xarici və yerli ekspertlər arasında insan resurslarının idarə edilməsi sahəsində əlaqənin və məhsuldar təcrübə mübadiləsinin qurulmasına kömək edəcəyinə və bu sahədə müasir problemlərin və inkişaf meyllərinin müzakirəsi üçün meydana çevriləcəyinə əminik".