21/10/2015

Ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə Lənkəran və Quba regionlarında "Junior Achievement Azərbaycan" (JAA) ictimai birliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Davamlı Müəssisənin İnkişaf Proqramı" (DMİP) layihəsinin təqdimatı keçirilmişdir.

Kiçik və orta müəssisələrin yaradılmasında maraqlı olan gənclərin və tələbələrin iştirak etdiyi təqdimatda proqram barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda gənclər tərəfindən idarə ediləcək kiçik və orta müəssisələrin yaradılmasını qarşısına məqsəd qoyan DMİP sahibkarlıq və biznes təlimləri vasitəsilə gəncləri belə müəssisələrin yaradılmasına istiqamətləndirir. JAA ictimai birliyi bank və maliyyə təşkilatları ilə əməkdaşlıq edərək gənclərin idarə etdiyi müəssisələrə maliyyə xidmətlərinin göstərilməsinə yardım edir, biznes icmasını gənclərin idarə etdiyi müəssisələrin uğurları və çətinlikləri ilə tanış edərək, belə müəssisələrin inkişafı üçün əlverişli mühitin yaradılmasına kömək göstərir.

Bildirilmişdir ki, DMİP layihəsi çərçivəsində "JAA" ictimai birliyi və "PAŞA Bank" ASC proqramdan faydalanacaq gənclərə biznesin yaradılması, qeydiyyatı, inkişafı, lisenziyanın alınması, vergilərin təyin edilməsi, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlər verəcək, kredit üçün banklara müraciət edilməsində onlara yardım göstərəcəkdir.

Təqdimat çərçivəsində iştirakçılara metodiki təlimat və bukletlər paylanmış, suallar cavablandırılmışdır. Təqdimatın sonunda iştirakçıların seçim prosesi baş tutmuşdur. Seçim prosesi ərizəçilərin fərdi müəssisənin fəaliyyətinə dair təcrübəsi, biznes ideyanın yenilikçi xüsusiyyətləri və proqramı bitirdikdən sonra planlaşdırılan şəxsi fəaliyyət planına əsaslanmışdır.