05/10/2015

Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın reytinqini yüksəldib. Belə ki, PAŞA Bankın emitent defoltunun uzunmüddətli reytinqi (EDR) B+ səviyyəsindən BB- səviyyəsinə qədər yüksəldilib, qısamüddətli EDR "B" səviyyəsində təsdiq olunub, reytinqi dəyişməsi proqnozu - "sabitdir".

Bankın reytinqinin yüksəldilməsinin əsas drayveri zəruri hallarda dövlətin potensial dəstəyinin yenidən qiymətləndirilməsi olmuşdur. Habelə reytinqin yüksəldilməsində Bankın sanballı kapitallaşdırma səviyyəsi, rahat likvidlik səviyyəsi və aktivlərin qənaətbəxş keyfiyyəti öz rolunu oynamışdır.

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, regionda yüksək makroiqtisadi risklərin mövcud olduğu dövrdə Bankın beynəlxalq reytinqinin yüksəldilməsi PAŞA Bankın maliyyə institutu kimi mötəbərliyinin növbəti təsdiqidir.

T. Kazımov bildirmişdir ki: "2007-ci ildə bazarda əməliyyatlara başlandığı andan PAŞA Bank korporativ və investisiya bankı, həm maliyyə baxımından, həm də biznes-məsləhətlərin verilməsi baxımından real sektorun partnyoru mövqeyində durur. Biz, Bank olaraq, "Azərbaycan-Türkiyə-Gürcüstan" iqtisadi üçbucağı çərçivəsində sahibkarları bundan sonra da dəstəkləmək və ölkə iqtisadiyyatının diversifikasiyasına fəal surətdə kömək etmək niyyətindəyik".