Çap

Press-relizlər

PAŞA Bank regionu SİBOS 2015 beynəlxalq sərgisində təmsil edir

Bu gün oktyabrın 12-də Sinqapurda dünyada ən böyük maliyyə sektorunun nailiyyətləri - SİBOS konfrans-sərgisinə start verilmişdir. Ötən illərdə olduğu kimi, tədbirdə təkcə Azərbaycandan deyil, bütövlükdə regiondan yeganə nümayəndə olan PAŞA Bank bank-eksponent qismində çıxış etdi.

Hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan bu tədbir ənənəvi olaraq müxtəlif bölgələrdən olan böyük auditoriya kütləsini cəlb edir. Bir neçə gün ərzində iri bankların, maliyyə təşkilatlarının, eləcə də dünya maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının aparıcı nümayəndələri dövrün aktual mövzuları və gələcək mümkün meyllər barədə müzakirələr aparırlar.

Builki SİBOS proqramı rəngarəngliyi ilə fərqlənir: mütəxəssislər son illərdə maliyyə sektorunda baş vermiş dəyişiklikləri, maliyyə xidmətləri sahəsində texnoloji meylləri, qlobal miqyasda ödəniş proseslərinin inkişafında innovasiyaların rolunu, biznes proseslərində risklərin minimum səviyyəyə endirilməsi istiqamətində yeni imkanlar və s. məsələləri müzakirə edəcəklər.

PAŞA Bankın idarə heyətinin sədri Taleh Kazımovun sözlərinə əsasən, bu tədbirin, ilk növbədə, əsas əhəmiyyəti onun hər il dünyanın maliyyə elitasını bir araya gətirməsidir.

«Heç mübaliğəsiz söyləmək olar ki, məhz burada bütövlükdə dünyanın maliyyə sektorunun gələcək inkişaf istiqamətlərini müəyyən edən məsələlər həll olunur. SİBOS 2015 tədbirində həm konfrans iştirakçısı, həm də sərgi eksponenti kimi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun yeganə təmsilçisi olan PAŞA Bank öz əməliyyat bazarlarında tətbiq etmək üçün dünyanın aparıcı şirkətlərinin dəyərli və qabaqcıl təcrübəsini öyrənmək əzmindədir. Hər şeydən əvvəl, SİBOS 2015 çərçivəsində biz Avropa, Amerika və Asiyanın aparıcı bankları ilə işgüzar görüşlər planlaşdırmışıq. Görüşlərin müzakirə mövzusu yeni əlaqələrin qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi, regionun sahibkarları üçün dünya arenasında ixrac imkanlarının inkişaf etdirilməsi və s. digər məsələlərdir», - deyə PAŞA Bankın idarə heyətinin sədri Taleh Kazımov bildirib.

Xatırladaq ki, 1978-ci ildən keçirilən SİBOS-un təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). 2014-cü ildə Boston şəhərində (ABŞ) keçirilmiş SİBOS forumu 7000 nəfərdən artıq iştirakçını cəlb etmişdi. Növbəti il tədbir 26-29 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində təşkil olunacaq.

https://www.pashabank.az/press_centre,909/lang,az/