18/06/2015

PAŞA Bank və British Council Azərbaycan böyük məmnuniyyətlə dördüncü ildir ki, həyata keçirdiyi ‘Gələcəyə Təşəbbüs Yazı Müsabiqəsi' layihəsinin qaliblərini elan edir. Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyası (AUKAA) bu layihəni dəstəkləyir. Layihənin məqsədi gəncləri iqtisadi baxımından aktual mövzular ətrafında düşündürməklə ölkənin gələcək inkişafı uğrunda həyata keçirilən proseslərdə fəal iştiraka həvəsləndirməkdir. Layihənin qalibləri Böyük Britaniyada Kings College London-da yay məktəbində iştirak etmək imkanını əldə edirlər.

Qeyd edək ki, yazı müsabiqəsinə Azərbaycanın seçilmiş universitetlərindən müraciət etmiş namizədlərin yazı işləri British Council Azərbaycan və PAŞA Bankın nümayəndələri tərəfindən yoxlanılaraq qiymətləndirilmişdir. Müraciət edən tələbələrin əksəriyyəti müsabiqədən əvvəl AUKAA təşkialtının üzvləri tərəfindən yazı qabiliyyətlərinin inkişaf etdirilməsi üzrə xüsusi təlim proqramlarında iştirak etmişlər. İqtisadi inkişafla bağlı mövzuları əhatə edən yazılarda ölkənin gələcək inkişafına dair müxtəlif yönümlü, orijinal fikirlər öz əksini tapmışdır. Namizədlərin müsabiqəyə yüksək məsuliyyət və səylə yanaşmaları keyfiyyətli yazıların sayını artıraraq müsabiqəni daha da rəqabətli etmişdir.

British Council Azərbaycan təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt: "Artıq beşinci ildir ki, British Council PAŞA Bank ilə əmədaşlıqda bu layihəni həyata keçirir. İldən ilə müsabiqəyə olan maraq daha da artır və yazılan inşaların keyfiyyəti də yüksəlir. Bu müsabiqə Azərbaycanlı tələbələrə bilik və qabiliyyətlərinin genişləndirilməsi və Birləşmiş Krallığın tanınmış universitetlərindən birində intensiv kursda təhsil almaq imkanını qazandırır. Mən qaliblərə uğurlar arzulayıram və ümid edirəm ki, bu fəal gənclər Azərbaycanın gələcək iqtisadçıları arasında yüksək yerlər tutacaqlar".

PAŞA Bank-ın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova: ‘PAŞA Bankın Korporativ Sosial Məsuliyyət proqramının əsas missiyası olan İqtisadi İnkişafın Sürətləndirilməsi və İnsan Kapitalına İnvestisiya çərçivəsində artıq beşinci ildir ki, biz uzun müddətli partnyorumuz olan British Council ilə çox effektiv nəticəsi olan bu layihəni həyata keçiririk. Layihəni növbəti illərdə də həyata keçirməyi planlaşdırırıq'.

Müsabiqə ümumilikdə ərizələrin qəbulu, yazıların yoxlanılması və ardıcıl təşkil olunan iki mərhələli müsahibələrdən ibarət idi. Yekun müsahibə PAŞA Bank və British Council nümayəndələri tərəfindən aparıldı. Bütün müsahibələr sona çatdıqdan sonra münsiflər heyəti yekun qərara gələrək aşağıda adları qeyd edilmiş üç nəfər qalibi müəyyənləşdirdi. Qaliblər Birləşmiş Krallığın dünyaca məşhur King's College London ali məktəbində cari ilin iyul-avqust ayları ərzində biznes üzrə yay kurslarında iştirak etmək şansını əldə etdilər.

• Ələddin İsmayılov - ADA Universiteti
• Cavid Dadaşov - Azərbaycan İqtisad Universiteti
• Lalə Qulamova - ADA Universiteti

Yekun müsahibədə iştirak edən namizədlərin hər birinin müsabiqəni uğurla başa vurduğunu nəzərə alaraq PAŞA Bank tərəfindən ilk üçlükdə yer ala bilməyən gənclərə də dəyərli hədiyyələr verildi. Bundan əlavə finalçılara British Council Azərbaycan və PAŞA Bank adından sertifikatlar da təqdim olundu.