07/04/2015

Ölkənin ən iri banklarından biri – PAŞA Bank - “British Council” ilə birgə artıq dördüncü ildir ki, həyata keçirdiyi ənənəvi “Gələcəyə Təşəbbüs” Yazı Müsabiqəsini elan edir. Ali təhsil müəssisələrinin tələbələri arasında həyata keçirilən bu müsabiqənin əsas məqsədi tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatlarını müzakirə etmək üçün imkan yaratmaq, həmçinin, gəncləri Azərbaycanın gələcək inkişafında daha aktiv rol oynamağa sövq etməkdir.

Layihənin əsas fəaliyyəti Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsi, inşa yazma qabilliyyəti, istinad və plaqiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin keçirilməsi və təlim keçmiş namizdələr tərəfindən inşaların yazılmasından ibarətdir.

MÜSABİQƏDƏ KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

İştirakçılar Azərbaycan vətəndaşı olmalı və təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-22 yaş arası tələbələri olmalıdır.

Müsabiqə layihədə iştirak etmək üçün müraciət etmiş adları aşağıda qeyd olunan ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında keçiriləcəkdir: 1. ADA Universiteti
2. Azərbaycan Dövlət İqtisad Universiteti
3. Bakı Dövlət Universiteti
4. Xəzər Universiteti
5. Moskva Dövlət Universitetinin Bakı filialı
6. Qafqaz Universiteti
7. Qərb Universiteti
8. Sumqayıt Dövlət Universiteti

MÜSABIQƏ HANSI MƏRHƏLƏLƏRDƏN İBARƏTDİR?

Müsabiqə aşağıdakı mərhələlərdən ibarətdir:

• Müsabiqənin elan edilməsi
• Seçilmiş ali təhsil müəssisələrində layihə barədə təqdimat keçirməklə iştirakçılar arasında ərizə qəbulunun aparılması
• Hər universitetin seçilmiş tələbələrinə Böyük Britaniyada təhsil almış məzunlar tərəfindən inşa yazma qabiliyyəti, istinad və plaqiatçılıq adlı mövzularda təlimlərin keçirilməsi
• İnşaların qəbulu və qaliblərin seçilməsi
• Qaliblərin Böyük Britaniyanın aparıcı universitetlərində biznes və idarəetmə üzrə yay məktəbində iştirakı.
İnşalar aşağıdakı mövzular üzrə qəbul olunacaq. Tələb olunan yazı dili ingilis dilidir.
1. Maliyyə institutlarında davamlılıq mexanizmləri
2. Maliyyə institutlarının qeyri-maliyyə hesabatları
3. Ölkənin qloballaşmasında və iqtisadi inkişafında intelektual kapitalın zəruriliyi
4. Azərbaycanda bankçılıq Avropa ölkələrində bankçılıqla müqayisədə
5. Maliyyə idarəçiliyinin və verginin zəruriliyi
6. İnformasiya texnologiyalarının Azərbaycan iqtisadiyyatında rolu
7. 21-ci əsrdə tələb olunan bacarıqlar: Uğurlu karyera qurmaq üçün vacib olan bacarıqlar
8. Universitet və biznes müəssisələri arasında əməkdaşlıq əlaqələrinin məzunlara və ölkənin ümumi iqtisadi inkişafına təsiri

MÜKAFAT:

Müsabiqənin üç qalibi 2015-ci ilin iyul-avqust ayları ərzində Böyük Britaniyanın aparıcı universitetlərindən birində Yay məktəbində iştirak edəcək.
Müsabiqənin finalistlərinə PAŞA Bank tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim ediləcəkdir. Həmçinin, finalistlərə layihədə uğurlu iştirakına görə PAŞA Bank və British Council tərəfindən sertifikatlar təqdim olunacaq.

LAYIHƏNIN QAYDALARI:

• Tələbələrin layihənin təqdimatlarında iştirakı və müsabiqədə iştirak etmək istəyən tələbələrin ərizə formasını tamamlayaraq müsabiqəyə müraciət etməsi;
• Seçilmiş tələbələr Böyük Britaniyada təhsil almış məzunlar tərəfindən inşa yazma qabiliyyəti, istinad və plaqiatçılıq adlı mövzularda təlimlərdə iştirakı;
• Təlimdən keçmiş tələbələr tərəfindən 30 aprel, 2015-ci il tarixinədək inşaların qəbulu;
• Hər bir tələbə seçilmiş mövzular üzrə yalnız bir inşa ilə müraciət edə bilər;
• Yaş məhdudiyyəti 18-22 yaşarasıdır;
• İnşalar 2000 sözdən artıq olmamalıdır və ingilis dilində yazılmalıdır;
• İnşalar orijinal olmalıdır. Daha əvvəl çap edilmiş və ya yazılmış yazılar qəbul edilməyəcəkdir. Plagiatlıq qeyd olunan inşalar dərhal yararsız hesab ediləcəkdir. Xahiş edirik nəzərə alasınız ki, qəbul olunan inşalar plagiatlıq əleyhinə xüsusi proqram vasitəsilə yoxlanılacaqdır.
• PAŞA Bank və British Council qalib olan inşaları çap etmək və ya ictimaiyyətə açıq təqdim etmək hüququna malikdir. Qaliblər barədə son qərar münsiflər heyəti tərəfindən verilir və mühakimə edilə bilməz.

Layihə ilə bağlı ətraflı məlumat əldə etmək üçün Təhsil işləri üzrə icraçı Nigar Nəsrullayeva ilə əlaqə saxlaya bilərsiniz.
E-mail: nigar.nasrullayeva@britishcouncil.az
T: 4971593, 4972013,
F: 4989236