22/12/2014

"International Finance Magazine" (IFM) jurnalının qiymətləndirməsi əsasında London şəhərində nüfuzlu "Financial Awards 2014" mükafatlarının rəsmi təqdimat mərasimi keçirilmişdir. Bu il də ölkənin aparıcı banklarından biri olan PAŞA Bank «Best Investment Bank» (“Ən yaxşı investisiya bankı”) və «Best SME Bank» (“Ən yaxşı KOS bankı”) mükafatlarına layiq görülüb.

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş İnvestisiya Inzibatçısı Taleh Kazımovun sözlərinə görə, «Bankın ötən il ərzində investisiya bankçılıq sahəsində göstərdiyi xidmətlər və kapital bazarlarında həyata keçirdiyi yeniliklərin ölkəmizdən kənarda da izlənildiyini və yenidən qiymətləndirildiyini görmək bizi çox sevindirir. Bu addımlarla biz müştərilərimizə kapital bazarlarının üstünlüklərindən istifadə etməyə imkan yaratdıq və Azərbaycanın kapital bazarının inkişafında ciddi rol oynadıq. 2014-cü ildə PAŞA Bank kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsində aktiv mövqe tutmuşdur və Azərbaycanda ilk dəfə olaraq sırf KOS sektoruna xidmət göstərmək üçün xüsusiləşmiş şöbələr açmışdır. Məqsəd kiçik və orta sahibkarlara daha da yaxın olmaq, onların istək və ehtiyaclarına uyğun xidmət göstərmək və məhsulları təklif etmək olmuşdur. Bizi daim dəstəkləyən müştərilərimizə, tərəfdaşlarımıza və səhmdarlarımıza öz təşəkkürlərimi bildirirəm».

Mükafatın təsisçisi - "International Finance Magazine" jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı London şəhərində yerləşən IFM hər il qeyd edilən sektorun inkişafına dəyərli töhfə verən dünya üzrə maliyyə təşkilatlarını mükafatlandırır.