18/12/2014

Bu gün Bakıda “Azərbaycanda pərakəndə ticarət: hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri” mövzusunda biznes forum keçirilib. Azərbaycan Respublikasının Milli Sahibkarlar (Işəgötürənlər) Konfederasiyasının dəstəyi ilə tədbirin təşkilatçısı qismində ölkənin ən iri banklarından biri olan PAŞA Bank çıxış edib.

Yerli biznesin 40-dan artıq nümayəndəsi forumda iştirak edib. Tədbir çərçivəsində dəvət olunmuş mütəxəssislər və forum iştirakçıları son illər pərakəndə satış sahəsinin inkişaf tendensiyalarını, Bakıda və regionlarda cari vəziyyətini, özəl və dövlət sektorları arasında daha məhsuldar dialoqun yaradılması imkanlarını və sair mövzuları müzakirə etmişlər.

PAŞA Bankı və Sahibkarlar Konfederasiyasını təmsil edən tədbir aparıcıları forum iştirakçıları ilə gələcəkdə pərakəndə satış sahəsinin qarşılaşacağı mümkün problemləri və çağırışlar haqqında, bu sahədə fəaliyyət göstərən yerli şirkətlərin gələcəkdə stimullaşdırılması üçün dünya təcrübəsinin tətbiq olunması perspektivlərinə baxışlarını paylaşmışlar.