08/04/2014
Azərbaycanın ən iri banklarından olan "PAŞA Bank"ın sponsorluğu ilə 27 mart-2 aprel tarixlərində Londonda "Yolayırıcında-2: İstanbuldan Kabilə qədər müasir sənət" adlı rəsm sərgisi keçirilmişdir. Tədbirdə Orta Asiyadan, Yaxın və Orta Şərqdən, Qafqazdan onlarla seçmə sənətkarların, o cümlədən azərbaycanlı rəssamların da işləri nümayiş etdirilmişdir.

Məşhur "Sotheby's" auksion evinin keçirdiyi sərgidə Azərbaycandan Tahir Salahov, Cavad Mircavadov, Toğrul Nərimanbəyov, Mirnadir Zeynalov, Aida Mahmudova, Rauf Məmmədov, Aydan Salahova və bir çox digər sənətkarların əsərləri ilə təmsil olunmuşdur.

PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov bildirmişdir: "Azərbaycan və regionda korporativ bank olaraq biz, "Sotheby's" tərəfindən keçirilən "Yolayırıcılarında-2" sərgisindən çox razıyıq və bu əməkdaşlıqdan qürur hissi duyuruq. Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycan tarix boyunca Şərq ilə Qərb arasında ticarət və mədəniyyət körpüsü rolunu oynamışdır. Bir bank olaraq biz, bu vacib missiyanı maliyyə sektorunda öz üzərimizə götürmüşük: biz platformamızı ticarət ənənələrimiz üzərində qurduq və dünyanın hər iki səmtindən ən yaxşı təcrübə və texnologiyaları öz işimizdə birləşdirdik. "

Qeyd edək ki, "Sotheby's" auksion evinin himayəsi altında Orta Asiya və Qafqaz ölkələrini təmsil edən rəssamların əsərlərinin ilk sərgisi ötən il keçirilmişdi. 2014-cü ildə iştirakçılar sırasına isə Türkiyə, İran və Əfqanıstan kimi ölkələrin rəssamları da qoşuldu