10/06/2011
Gənc sahibkarlar üçün nəzərdə tutulmuş JA “Məktəbli Şirkətlər” layihəsinin 75 iştirakçısı May ayıının 24-ü “Məktəblinin Biznes Günü” tədbirində bir araya gəldi. Tədbir ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi və Junior Achievement Azərbaycan təşkilatının birgə səyilə həyata keçirilmişdir.

2010-cu ilin noyabrında başlanan JA “Məktəbli Şirkətlər” layihəsinə Bakı, Sumqayıt, İsmayıllı, Mingəçevir, Gəncə, Ümid və Sahil qəsəbələrini təmsil edən 15 məktəbdən 75 şagird qoşulmuşdur. Layihədə iştirak edərək, yuxarı sinif şagirdləri müəllim və təlimçilərin köməyilə sahibkarlığın əsaslarını və biznes planın tərtibatını öyrənirlər.

Layihə, “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində keçirilir. Proqramı dəstəkləyən əsas tərəfdaşlar Statoil Abşeron, Chevron Xəzər, Bakcell Ltd. və Qaradağ Sement ASC-dir; tərəfdaş şirkətlər Paşa Bank, Saipem Azərbaycan, ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi, Nobel Oil, Baker & McKenzie, PwC Azərbaycan və Deloitte şirkətləridir. “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə strateji əməkdaşlıqda həyata keçirilir.

Tədbir zamanı iştirakçı komandalar məktəbli şirkətlərinin biznes plan və nümunəvi məhsullarını münsiflər heyətinin diqqətinə təqdim etdilər. Təqdim edilən biznes planlar münsiflər tərəfindən ideyanın mümkünlüyü və planlaşdırması, məhsulun yenilikçi xüsusiyyətləri, istifadə edilən maliyyə planı və marketinq strategiyası üzrə qiymətləndirilirdi.

Nəticədə, Bakının 164 saylı məktəbin komandası layihənin qalibi və “İlin Məktəbli Şirkəti” elan edildi. Həmin komanda, həmçinin, mükəmməl planlaşdırma nominasiyasında da qalib gəldi. Yenilikçi məhsul nominasiyasında Bakı ş. 132-134 nömrəli Tədris Kompleksinin komandası qalib gəldi. Maliyyə planı üzrə mübarizədə Bakı ş. 132-134 nömrəli Tədris Kompleksinin digər komandası qələbə qazandı.

Yaradıcı marketinq strategiyası nominasıyasında isə Qaradağ rayonunun 319 saylı məktəbin komandası qalib gəldi.

Junior Achievement Azərbaycan təşkilatı 2011-ci ilin “Məktəblinin Biznes Günü” tədbirinin keçirilməsinə dəstək verən və qaliblərə mükafatlar təltif edən Statoil Abşeron, Chevron Xəzər, HP, Saipem, Qaradağ Sement ASC, Deloitte, ExxonMobil və C’est Bon şirkətlərinə öz minnətdarlığını bildirir.