05/04/2009
Fikrət Əmirovun simfonik muğam əsərlərindən ibarət toplusu “PAŞA Bank” ASC-nın dəstəyi ilə Azərbaycan mədəniyyətinin klassiki Fikrət Əmirovun simfonik muğam əsərlərindən ibarət toplusu buraxılmışdır.

"Muğam aləmi" beynəlxalq festivalı Bakıda ilk dəfə olaraq 18-25 mart 2009-cu il tarixində keçirildi. Bu festival İtaliya, Suriya, İraq, İran, Çin, Mərakeş, Özbəkistan, Misir və əlbəttə ki, Azərbaycandan olan ifaçıları öz ətrafında topladı. Yeddi gün ərzində tamaşaçılara bu müstəsna xalq musiqisinin bütün istiqamət və janrları təqdim edildi.

“Muğam Aləmi” festivalının açılış günü qonaq və iştirakçılara məşhur bəstəkar Fikrət Əmirovun simfonik muğam əsərlər toplusu təqdim edildi. Üç diskdən ibarət bu toplu “PAŞA Bank” ASC-nın təşəbbüsü ilə hazırlanaraq buraxılmışdır. Topluya Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında “Şur”, “Kürd Ovşarı”, “Gülüstan Bayatı Şiraz” kimi incilər daxil edilmişdir.

“Muğam Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Biz çox şadıq ki, dahi bəstəkarımız Fikrət Əmirovun əsərlərinin yayılmasına yardım etmək imkanı qazandıq. Bu disklərin buraxılışının paytaxtımızda keçirilən birinci beynəlxalq muğam festivalının açılışı ilə eyni vaxta düşməsi də bizim üçün böyük əhəmiyyətə malikdir” – deyə “PAŞA Bank” ASC-nın İdarə heyətinin sədri Fərid Axundov qeyd etdi.