Çap

Press-relizlər

PAŞA Bank və British Council Azərbaycan qalibləri elan edir

PAŞA Bank və British Council Azərbaycan böyük məmnuniyyətlə hər il keçirilməsi ənənə halını almış ‘Gələcəyə Təşəbbüs Yazı Müsabiqəsi 2014' layihəsinin qaliblərini elan edir. Layihənin məqsədi iqtisadi yüksəliş, islahatlar və inkişaf ilə bağlı tezisləri əsas tutaraq, gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirməkdir.

Qeyd edək ki, Azərbaycanın müxtəlif universitetlərindən yüzə yaxın ərizə ilə müraciət etmiş namizədlərin yazı işləri British Council Azərbaycan və PAŞA Bankın nümayəndələri tərəfindən yoxlanılaraq qiymətləndirilmişdir. Müraciət edən tələbələrin əksəriyyəti müsabiqədən əvvəl Azərbaycan-Britaniya Məzunları Assosiasiyasının (AUKAA) üzvləri tərəfindən yazı qabiliyyətlərinin inkişaf etdirilməsi üzrə xüsusi təlim proqramlarında iştirak etmişlər. İqtisadi inkişafla bağlı mövzuları əhatə edən yazılarda ölkənin gələcək inkişafına dair müxtəlif yönümlü, orijinal fikirlər öz əksini tapmışdır. Namizədlərin layihəyə yüksək məsuliyyət və səylə yanaşmaları keyfiyyətli yazıların sayını artıraraq müsabiqəni daha da rəqabətli etmişdir.

PAŞA Bank-ın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova: ‘PAŞA Bankın Korporativ Sosial Məsuliyyət proqramının əsas missiyası olan İqtisadi İnkişafın Sürətləndirilməsi və İnsan Kapitalına İnvestisiya çərçivəsində artıq dördüncü ildir ki, biz uzun müddətli partnyorumuz olan British Council ilə çox effektiv nəticəsi olan bu layihəni həyata keçiririk. Layihəni növbəti illərdə də həyata keçirməyi planlaşdırırıq'.

Müsabiqə ümumilikdə ərizələrin qəbulu, yazıların yoxlanılması və ardıcıl təşkil olunan iki mərhələli müsahibələrdən ibarət idi. Yekun müsahibə PAŞA Bank və British Council nümayəndələri tərəfindən aparıldı. Bütün müsahibələr sona çatdıqdan sonra münsiflər heyəti yekun qərara gələrək aşağıda adları qeyd edilmiş beş nəfər qalibi müəyyənləşdirdi. Qaliblər Birləşmiş Krallığın dünyaca məşhur King's College London ali məktəbində cari ilin iyul-avqust ayları ərzində biznes üzrə yay kurslarında iştirak etmək şansını əldə etdilər.

1. Aysel Soltanlı - Qafqaz Universitetinin tələbəsi

2. Zeynəb Dadaşova - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

3. Ruqiyyə Qəhrəmanlı - Azərbaycan Diplomatik Akademiyasının tələbəsi

4. Toğrul İsmayılov - Qafqaz Universitetinin tələbəsi

5. Firəngiz Ağayeva - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Yekun müsahibədə iştirak edən namizədlərin hər birinin müsabiqəni uğurla başa vurduğunu nəzərə alaraq PAŞA Bank tərəfindən ilk beşlikdə yer ala bilməyən gənclərə də dəyərli hədiyyələr təqdim olundu. Bundan əlavə finalçılara British Council Azərbaycan və PAŞA Bank adından sertifikatlar təqdim edildi.

https://www.pashabank.az/press_centre,662/lang,az/