17/07/2014
Azərbaycanın ən böyük banklarından biri olan PAŞA Bank xarici investor - "Bank of Georgia" tərəfindən Azərbaycan manatı ilə yerli korporativ qiymətli kağızların əldə edilməsi üzrə iri sazişin market-meykeri qismində çıxış edib. Sazişin vasitəçisi isə "PASHA Capital" olub.

Bu saziş xarici investorların nəinki Azərbaycanın borc bazarında fəal iştiraka, həm də risklərin yerli milli valyutada qəbul edilməsində artan marağını əyani şəkildə göstərir.

PAŞA Bankın Baş investisiya direktoru Taleh Kazımovun sözlərinə görə, "Bank of Georgia" ilə əməkdaşlıq nəinki yerli bazarda, həm də onun hüdudlarından kənarda PAŞA Banka olan yüksək etimadı bir daha təsdiq edir.

"Əminəm ki, PAŞA Bankın market-meyker rolunda çıxış etdiyi bu saziş bizimlə "Bank of Georgia" arasında bu sahədə gələcək məhsuldar əməkdaşlığın təminatı olacaq. PAŞA Bank gələcəkdə də bazarın peşəkar iştirakçısı kimi mövqeyini möhkəmləndirmək , yerli və xarici maliyyə institutları ilə münasibətlərini genişləndirmək niyyətindədir", - deyə T.Kazımov bildirmişdir.

Qeyd edək ki, "Bank of Georgia" son 5 ildə yerli bazarda Azərbaycan manatı ilə korporativ qiymətli kağızları əldə edən ilk xarici investorlardan biri olub.