Çap

Press-relizlər

PAŞA Bank və JAA gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilən proqramın yekun mərhələsini keçiriblər

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank və Junior Achievement Azərbaycan təşkilatı "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsinə həsr olunmuş tədbir keçiriblər. Proqram daxilində Gəncə və Zaqatala şəhərlərində yaşayan gənclər kiçik və orta müəssisələr yaradaraq, müvafiq biznes təlimləri, əlverişli mühit və imkanların toplanması vasitəsilə onların səmərəliliyini təkmilləşdirmişlər.

2013-cü ilin oktyabr ayında başlayan proqrama kiçik və orta müəssisənin yaradılmasında maraqlı olan və bu fəaliyyətlə məşğul olan 60 gənc iştirakçı qatılmışdır. Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanırdı. Junior Achievement Azərbaycan təşkilatı proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edərək, onlar üçün sahibkarlıq, maliyyə savadı, işgüzar etika, biznes planın tərtibatı üzrə təlimlər və mütəmadi iqtisadi görüşlər təşkil etmişdir. Bununla yanaşı, gənclərin sahibkarlıq qabiliyyətinin formalaşdırması məqsədilə proqram daxilində aylıq ictimai-iqtisadi maarifləndirmə tədbirləri təşkil olunmuşdur.

Junior Achievement Azərbaycan təşkilatı biznes məsləhətçilərin köməkliyi ilə proqram iştirakçılarına biznes planın tərtibatından real sahibkarlıq mühitinə qatılmalarına yardım göstərmişdir. Biznes görüşləri zamanı proqram iştirakçıları qarşılaşdıqları çətinlikləri müzakirə edir, məhsullarının satışı və çatdırılma yollarını araşdırır, istehlak bazarının tələblərini öyrənir və kommersiya fəaliyyətində tətbiq olunan yenilikləri tədqiq etmişdirlər.

Tədbir zamanı gənc sahibkarlar öz müəssisələri haqqında məlumat verib, onlara maliyyə müstəqilliyinə nail olmağa kömək edən əmtəə və xidmətləri təqdim etdilər. Biznes nümayəndələrindən ibarət olan münsiflər heyəti tərəfindən isə təklif olunan ideyaların həyata keçirilə bilmə dərəcəsi, davamlılığı, yeniliyi və təqdimatçının çıxış etmə bacarığıqiymətləndirildi.Tədbirin sonunda qalib gəlmiş üç müəssisənin sahibi PAŞA Bankdan pul mükafatı qazandılar.

https://www.pashabank.az/press_centre,657/lang,az/